BDU-nun Fizika fakültəsində ikifazalı su-polimer sistemlərin ayırdetmə qabiliyyətinə dair seminar keçirilib
Maddə quruluşu kafedrasının müdiri, professor Eldar Məsimov eyniadlı məruzə edib. Məruzəçi bildirib ki, canlı orqanizmin əsas hissəsi su və yüksəkmolekullu birləşmələrdən ibarətdir və orqanizmdəki maddələr mübadiləsi əsasən qan vasitəsi ilə həyata keçirilir.
Su-polimer ikifazalı sistemlərin fazalarının fiziki-kimyəvi xassələri, xüsusi halda nisbi hidrofobluqları müxtəlif olduqlarından onların bioloji obyektlərin komponentlərinə hərislikləri də müxtəlif olur. Buna görə ikifazalı su-polimer sistemləri bioloji obyektlərin (viruslar, hüceyrələr, fermentlər və s.) ayrılması, təmizlənməsi və dərman preparatlarının təmizliyinə nəzarət üçün yumşaq, asan və ucuz sistem kimi biotexnologiyada geniş istifadə olunur. Belə sistemlərdə müxtəlif maddələrin qeyri-bərabər paylanması həmin maddələrin sistemin fazalarının su mühitləri ilə hidrofob və hidrofil qarşılıqlı təsirinin müxtəliflikləri ilə əlaqədardır.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb və seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.