BDU-nun Elmi Kitabxanası Bakı Biznes Universitetində təlim-seminar keçirib
Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin elmi işlər üzrə prorektoru Məleykə Abbasova belə tədbirlərin keçirilməsinin önəmindən bəhs edərək təlimçiləri qonaqlara təqdim edib. O qeyd edib ki, Bakı Biznes Universiteti Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) və eləcə də beynəlxalq “EİFL.net” Konsorsiumunun (“Electronic İnformation for Libraries”) üzvüdür. Az.KİK EİFL.net Konsorsiumu ilə əməkdaşlıq çərçivəsində üzv təşkilatların tədris və elm sahələrinə uyğun ədəbiyyatla təmin olunmasını, müvafiq kitabxanalarda rəqəmsal arxivlərin yaradılmasını təşkil edir, abunə müddətində onlara 8516-sı resenziyalı olmaqla 11000 jurnalın, o cümlədən ictimai, humanitar, kompüter elmləri, mühəndislik (neft, qaz və s.), fizika, kimya, nəqliyyat və s. kimi sahələr üzrə jurnalların yerləşdiyi verilənlər bazasından, 2700-dən artıq kitab və broşür, 510 adda qəzet və s. mənbələrdən elektron formada istifadə imkanı təqdim edir.
BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova kitabxana işi sahəsində nüfuzlu beynəlxalq təşkilat və nəşriyyatlarla ali məktəb kitabxanaları arasında əməkdaşlığın qurulmasında təmsil etdiyi qurumun xüsusi rola malik olduğunu bildirib.
Az.KİK-in rəhbəri, EİFL.net və EBSCO-nun Azərbaycan üzrə təmsilçisi, BDU-nun Elmi Kitabxanasında şöbə müdiri Cəmilə Yusifova EBSCO və EİFL.net beynəlxalq konsorsiumunun xidmətləri, müxtəlif elm və tədris sahələri üzrə hazırlanmış jurnal, kitab, qəzet paketləri, iqtisadiyyatla bağlı xüsusi akademik jurnallar və onlardan istifadə qaydalarından bəhs edib.
EİFL.net-in “Open Access” üzrə koordinatoru, ADA Universitetinin Əsas sistemlər və inteqrasiya şöbəsinin aparıcı mütəxəssisi İltifat İbrahimov isə təlim iştirakçılarına akademik bazalarda məqalə nəşrlərinə dəstək və EBSCO bazasından istifadə qaydalarını əyani şəkildə təqdim edıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.