BDU-nun dosenti Şuşada Heydər Əliyev Fondunun təşkil etdiyi simpoziumda məruzə edib
Məruzədə bildirilib ki, tarixi zəfərlə bitən Vətən Müharibəsindən sonra Qarabağda misilsiz quruculuq işləri başlayıb. Qürurvericidir ki, bərpa-quruculuq işləri digər istiqamətlərlə yanaşı, ədəbi-mədəni sferanı da əhatə edir. Artıq Şuşanın zəngin mənəvi, ədəbi, ictimai mühiti də yenidən qurulur. Vaqif Poeziya Günlərinin keçirilməsi Qarabağın zəngin ədəbi mühitinin yenidən bərpası yolunda tarixi hadisədir. Şuşa Azərbaycanın ictimai-siyasi, ictimai-mədəni, elmi mühitinə, təhsil tariximizə əvəzsiz töhfələr verib. Eyni zamanda Şuşa ədəbiyyatımıza böyük simalar bəxş edib. Burada zəngin ədəbi mühit olub, ədəbi məclislər, şeir günləri keçirilib. Mirzə Rəhim Fəna ilə Hacı Abbas Agahın yaratdığı “Məclisi-üns” ədəbi məclisi şöhrətlənərək öz fəaliyyətini sarayda Xan qızı Natəvanın rəhbərliyi ilə davam etdirib. Mir Mövsüm Nəvvabın yaratdığı “Məclisi-fəramuşan” ədəbi məclisi Qarabağ ədəbi mühitinə böyük töhfələr verib. Bu mənada ulu öndərimiz Heydər Əliyev tərəfindən 39 il əvvəl Şuşada Vaqifin məqbərəsinin ucaldılması, poeziya günlərinin təşkili, bu gün isə cənab Prezidentimiz İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Vaqifin məqbərəsinin ikinci dəfə açılışı, azad Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi tarixi ənənələrin bərpasıdır. Bu hadisənin böyük ictimai, mədəni, siyasi əhəmiyyəti olduğunu vurğulayan Ələmdar Cabbarlı bildirib ki, Vaqif Poeziya Günləri ədəbi müstəvidə Qarabağın dünəni və bu günü arasında körpü rolunu oyanayaq, ədəbiyyatımıza yeni mövzular, yeni obrazlar gətirəcəkdir. Gələcəkdə bu tədbir, onun tarixi mahiyyəti haqqında elmi məqalələr, tədqiqat əsərləri yazılacaqdır.
Məruzə maraqla dinlənilib, məruzə ətrafında müzakirələr aparılıb.