BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsi ölkədə biologiya ixtisasları üzrə liderlik edən elm-təhsil mərkəzidir. Fakültədə 6 kafedra və 13 tədris laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub. Bakalavr pilləsində tələbələr II kursdan etibarən kafedralarda aparılan elmi-tədqiqat işlərinə cəlb olunurlar.
Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstrən laboratoriyalarda (Biomühəndislik, Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyaları) tədqiqat aparmaq imkanına malikdirlər.
Fakültədə Botanika və bitki fiziologiyası, Biofizika və biokimya, Molekulyar biologiya və biotexnologiyalar, Zoologiya və fiziologiya, Genetika, Biotibbi materiallar kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə tədris laboratoriyalarında tələbələrin iştirakı ilə tədqiqatlar aparılır.
Bakalavriat səviyyəsində 6 ixtisas üzrə - “Biologiya”, “Biologiya müəllimliyi”, “Su bioehtiyatları və akvakultura”, “Biotexnologiya”, “Bitki mühafizəsi” və “Qida mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
“Biologiya” ixtisası üzrə məzunlar fundamental bilik və bacarıqlar qazanmaqla biologiya profilli elmi-tədqiqat institutlarında, sənaye müəssisələrinin (qida, əczaçılıq və s.) laboratoriyalarında, suyun keyfiyyətinə nəzarəti təmin edən laboratoriyalarda, tibb müəssisələri nəzdində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyalarında çalışa bilərlər.
“Biologiya müəllimliyi” ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) Biologiya fənnini yüksək peşəkarlıqla tədris edə bilərlər.
“Su bioehtiyatları və akvakultura” ixtisasını bitirən məzunlar sahə üzrə tələb olunan bilik və bacarıqlara yiyələnərək, balıq, digər şirin su və dəniz məhsullarının artırılması, mühafizəsi, istehsalı ilə məşğul olan müəssisələrdə işlə təmin oluna bilərlər.
“Biotexnologiya” ixtisası üzrə məzunlar biotexnoloji proseslərə əsaslanan istehsalat müəssisələrində (süd, ət məhsulları, müxtəlif içkilər və digər qida məhsulları, əczaçılıq və s.), aqrar sektorun biotexnoloji laboratoriyalarında, elmi-tədqiqat institutlarında işlə təmin oluna bilərlər.
“Bitki mühafizəsi” ixtisası üzrə məzunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən müəssisələrdə, milli parklarda, qoruqlarda və digər mühafizə olunan ərazilərdə, elmi-tədqiqat institutlarında işlə təmin oluna bilərlər.
“Qida mühəndisliyi” ixtisası üzrə məzunlar təhsil və istehsalat müəssisələrində, xüsusən də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin struktur bölmələrində və laboratoriyalarında, elmi-tədqiqat institutlarında işlə təmin oluna bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.