BDU-nun Biologiya fakültəsində Zəfər Gününə həsr olunmuş tədbir
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl Biofizika və biokimya kafedrasının professoru Ralfrid Həsənovun, Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirlinin rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.
Sonra Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, 8 Noyabr miqyasına və əhəmiyyətinə görə yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının son iki yüz il ərzində qazandığı ən böyük tarixi Zəfər hesab olunur. Sarsılmaz xalq–iqtidar-ordu birliyi hesabına qazandığımız böyük Qələbə sonrakı zəfərlərə yol açıb. Bu il sentyabrın 19-da həyata keçirilən antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olunub. Rektor Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionda yeni reallıqlar yaratdığını vurğulayıb.
Biologiya fakültəsinin dekanı Afət Məmmədova çıxış edərək xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu qələbənin gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində rolundan bəhs edib.
Şəhid övladı, fakültənin I kurs tələbəsi Xalidə Əsgərova atasının göstərdiyi şücaətlər barədə danışıb, onun adını hər zaman uca tutacağına söz verib.
Tədbir fakültənin nəzdində fəaliyyət göstərən "Xarıbülbül” qızlar klubunun üzvlərinin ifasında musiqi və rəqs nömrələri ilə davam edib.