BDU-nun beynəlxalq bazalarda çap olunmuş elmi əsərlərinin sayı və onlara istinadlar dinamik şəkildə artır
2021-ci ilin ilk yarısında BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən SCOPUS bazasına daxil olan dərgilərdə 177 elmi əsər nəşr edilib. Dərc edilmiş məqalələrdən 64-ü tam açıq girişə malikdir. Bazaya daxil olan jurnalların redaksiya heyəti tərəfindən xüsusi dəvət əsasında yazılmış 10 məqalə isə icmal xarakterlidir. İcmal məqalələr tətbiqi fizika, nevrologiya, tətbiqi kimya, materialşünaslıq, nanotibb və molekulyar biologiya kimi prioritet sahələrin aktual problemlərini əhatə edir.
Onu da qeyd edək ki, fizika və astronomiya, kimya, riyaziyyat, materialşünaslıq, kompüter elmləri, tibb, biologiya, ekologiya, sosial elmlər, humanitar elmlər və elmin müxtəlif sahələrinin qovşağında olan multidissiplinar sahələr üzrə BDU tərəfindən SCOPUS bazasına daxil olan dərgilərdə indiyə qədər ümumilikdə 3623 elmi əsər dərc olunub. Fizika və astronomiya üzrə dərc olunmuş məqalələrın sayı və onlara edilmiş istinadlar digər sahələrlə müqayisədə daha çoxdur. 2021-ci ilin ilk yarısında bazaya daxil olan jurnallardakı elmi əsərlərə 1773 dəfə istinad edilib. Bu da 2017-ci ildəki istinadlarla müqayisədə 3,3 dəfə çoxdur.