BDU-nun alimi nanovektorların xərçəngin müalicəsində rolunu tədqiq edib
Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “Xərçəng müalicəsi üçün təbii və sintetik nanovektorlar” (Natural and synthetic nanovectors for cancer therapy) adlı məqalə “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 5.28) “Nanotheranostics” jurnalında çap olunub.
https://www.ntno.org/v07p0236.htm
Məqalədə xərçəng xəstəliyinin müalicəsi üçün dərmanların hədəfə çatdırılmasında nanomaterialların vektor kimi istifadəsindən bəhs edilir. Məlumdur ki, vektorlar sabitlik və biouyğunluq kimi çoxsaylı üstünlüklərə malikdirlər. Nanodaşıyıcı dərmanı spesifik orqana daha dəqiq çatdıra bilir, eyni zamanda onun farmakokinetik xüsusiyyətlərini yaxşılaşdırır və bununla da hədəf olmayan toxumalara ikinci dərəcəli mənfi təsirlərin qarşısını alır. Nanovektorlar arasında liposomlar, dendrimerlər, karbon nanostrukturları, nanohissəciklər, nanotellər və s. kimi müxtəlif material növləri ayırd edilə bilər ki, bunların hər biri xərçəngin müalicəsi üçün müxtəlif imkanlar təqdim edir. Bu araşdırmada nanovektorların geniş spektri, fəaliyyət rejimi və farmakokinetikasının multimodal xərçəng terapiyası və diaqnostikasında tətbiqi təhlil edilib.