“BDU məzunları”: Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş
Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyinə həsr olunmuş “BDU məzunları” layihəsinin növbəti qonağı Milli Məclisin üzvü, Xalq şairi Sabir Rüstəmxanlı olub.
Rektor Elçin Babayev Universitetin 105 illik yubileyi ərəfəsində BDU-nun Sabir Rüstəmxanlı kimi nüfuzlu məzunları ilə görüşlərin qürurverici olduğunu bildirib. O qeyd edib ki, Sabir Rüstəmxanlının milli düşüncənin oyanmasına səbəb olan əsərləri ilə bütöv bir nəsil yetişib, bu əsərlər örnək, dəyər hesab edilib: “Sabir Rüstəmxanlı şair, ictimai-siyasi xadim, dövlət əhəmiyyətli vəzifələrdə çalışmış ziyalı, Milli Məclisin altı çağırış deputatı kimi tanınıb. Onun bütün fəaliyyəti milli-vətənpərvərlik ruhunun güclənməsinə, xalqımızın tərəqqisinə xidmət edib. Sabir Rüstəmxanlının yalnız “Ömür kitabı”nı böyük bir abidə hesab etmək olar. Belə məzunlarımızı dinləmək, onlardan öyrənmək tələbələrimiz üçün misilsiz fürsətdir. BDU ailəsinə xoş gəlmisiniz!”.
Tədbirin moderatoru, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlı Sabir Rüstəmxanlının həyat və yaradıcılığı haqqında tələbələrə məlumat verib. Sabir Rüstəmxanlının yaradıcılığının milli səciyyə daşıdığını vurğulayan Məti Bayramlı tələbələri bu cür əsərlərlə mənəviyyatlarını zənginləşdirməyə çağırıb.
Doğma Universitetdə tələbələrlə görüşə şad olduğunu deyən Sabir Rüstəmxanlı BDU-nun ölkəmizin həyatında böyük missiya daşıdığını vurğulayıb. O, tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb. “Ədəbiyyatsız millət olmaz, ədəbiyyatsız dünya ruhsuz bədənə dönər” deyən şair ilk şeirlərini elə universitet illərində yazdığını bildirib: “Mənim bütün həyatım mübarizə və savaş dolu olub, hətta sözümlə də mübarizə aparmışam. Azərbaycanın hər bir vətəndaşı millətin taleyində rol oynamağa hər an hazır olmalıdır. Milli düşüncənin formalaşmasına kömək etmək mənim ən böyük missiyalarımdan biridir. Bu, “Ömür kitabı”nda da belə idi, onun davamı olan “Vətəndaşlığın əlifbası”nda da. Tələbələrimiz bu dəyərləri daha çox mənimsəməli, müstəqillik ideyası daşıyan əsərlər dərsliklərimizə daha çox salınmalıdır”.
Daha sonra şair son illərdə çap olunmuş “Vətəndaşlığın əlifbası”, “Qarabağa qayıdış”, “Ölüm son deyil: tanıdığım Heydər Əliyev”, “Şair və şər” kitablarından sitatlar gətirərək, bugünkü görüşün həm də bu əsərlərin təqdimatı olduğunu deyib.
Sabir Rüstəmxanlı sevilən şeirlərini oxuyub, tələbələrin suallarını cavablandırıb, sonda kitablarını BDU-nun Elmi Kitabxanasına hədiyyə edib.