BDU, MEDİA Agentliyi və Audiovizual Şura arasında əməkdaşlıq memorandumu imzalanıb
Memorandumun imzalanmasında məqsəd qarşılıqlı fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, universitet tələbələri üçün praktiki və nəzəri təlimlərin təşkilinin reallaşdırılması, media sahəsində müasir çağırışlara cavab verən kadrların hazırlanmasına dəstək göstərilməsidir.
Sənədi Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət Səttarov imzalayıblar.
Memoranduma əsasən, universitetin professor-müəllim heyəti və təhsilalanları üçün elmi-praktik bilik və bacarıqların inkişafı, medianın funksiyaları və müasir inkişaf meyilləri sahələrində birgə layihələrin təşkili, yüksək ixtisaslı jurnalist kadrların hazırlığı istiqamətində əməkdaşlıq edilməsi razılaşdırılıb.
Memorandum çərçivəsində MEDİA Agentliyi və Audiovizual Şura tərəfindən BDU-nun müxtəlif səviyyələrdə jurnalistika ixtisası üzrə təhsilalanlarına təcrübi tələblərə uyğun buraxılış işi və dissertasiya mövzularının müəyyənləşdirilməsinə dəstəyin verilməsi, universitet məzunlarının və xüsusi istedadlı təhsilalanların müxtəlif media subyektlərində işə cəlb edilməsinə köməklik göstərilməsi, media sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmənin həyata keçirilməsi nəzərdə tutulub.