BDU Mədəniyyət Nazirliyi və Milli Kitabxananın Ulu Öndər Heydər Əliyevə həsr etdiyi konfransda təmsil olunub
9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda Elmi konfrans və “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndərə həsr olunan sənədli film nümayiş etdirilib. Konfransı giriş sözü ilə açan Milli Kitabxananın direktoru professor Kərim Tahirov Ümummili Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafına verdiyi misilsiz töhfələrdən danışıb. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Milli Məclisin deputatı, professor Anar İsgəndərov, Milli Məclisin deputatı, professor Hikmət Məmmədov çıxışlarında Ulu Öndər Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlər sisteminin inkişafındakı tarixi missiyasından bəhs ediblər. Konfransda BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda məruzə edib. O, Ulu Öndər Heydər Əliyevin məzunu olduğu və bununla həmişə fəxr etdiyini vurğulayaraq şöhrətini zirvələrə yüksəltdiyi Bakı Dövlət Universitetini konfransda təmsil etməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev misilsiz ictimai-siyasi fəaliyyəti ilə yanaşı, ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafına əvəzsiz töhfələr verib: “Ümummili Liderimizin hərətərəfli qayğısı ilə əhatə olunan sahələrdən biri də kitabxana-informasiya fəaliyyətidir. Ulu Öndər həm sovet dövründə, həm də müstəqilliyimizin bərpasından sonra ölkəmizdə kitabxana işinin inkişafına daim diqqət və qayğı göstərib. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla davam və inkişaf etdirirlər”.
Məruzədə qeyd olunub ki, Azərbaycan xalqının çoxəsrlik tarixində bəşəriyyətin intellektual zəkasının məhsulu olan, informasiya daşıyıcılarının nəsildən-nəsilə ötürülməsi sahəsində zəngin iş təcrübəsinə malik kitabxanalar bu gün də ölkəmizin informasiya məkanında, informasiya cəmiyyətinin arxitekturasında xüsusi yer tuturlar: “Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Bu gün Ulu Öndərimizin müqəddəs yer adlandırdığı, mənəviyyat, bilik, zəka mənbəyi hesab etdiyi kitabxanalarımızı ixtisaslı mütəxəssislərlə təmin etmək və eyni zamanda bu sahədə səmərəli elmi-tədqiqat işləri aparmaq BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin qarşısında prioritet vəzifə kimi dayanır”. Məruzədə həmçinin vurğulanıb ki, bu gün kitabxana-informasiya fəaliyyəti sahəsində çalışanların qarşısında duran mühüm vəzifələrdən biri də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağımızda dağıdılmış kitabxana infrastrukturunun bərpasında iştirak etməkdir: “Məlumdur ki, erməni vandalları tərəfindən Qarabağda böyük informasiya mərkəzləri məhv edilmiş, miqyası milyonlarla ölçülən sənəd fondları tamamilə yandırılmışdır. Bu resursları idarə edən mütəxəssislər 30 ilə yaxın köçkün həyatı yaşamışdır. Əminik ki, Qarabağımızda aparılan quruculuq işləri kitabxana infrastrukturunu da ən yüksək səviyyədə əhatə edəcək, azad olunmuş ərazilərimizdə modern tipli kitabxanalar yaradılacaqdır”.