BDU, “LU-MUN Holding”, “Bayramlı Group”, “Letgen Biotechnology” və İzmir Yüksək Texnologiya İnstitutunun ortaq layihəsi davam edir
Universitet-özəl sənaye sektorunun işbirliyi modeli çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) “LU-MUN Holding”, “Bayramlı Group”, Türkiyənin “Letgen Biotechnology” şirkəti və İzmir Yüksək Texnologiya İnstitutu ilə birlikdə “Azərbaycana xas nərəkimilərin genom analizlərinin, identifikasiyasının həyata keçirilməsi və pasportlaşdırılması” ortaq layihəsi davam edir.
Layihə çərçivəsində Neftçalada “Azerbaijan Fish Farm” MMC-nin idarə etdiyi Yenikənd Nərə Balıqçılıq Təsərrüfatından götürülən müvafiq nümunələr üzərində yeni nəsil sekvensləmə metodu ilə genom analizləri həyata keçirilir və bunun əsasında ilk dəfə Azərbaycana xas olan müəyyən morfoloji dəyişiklikli nərə balıqlarının genetik identifikasiyasının yaradılması planlaşdırılır.
Bu münasibətlə BDU, “LU-MUN Holding”, “Letgen Biotechnology” və “Bayramlı Group” nümayəndələri arasında görülən işlərin müzakirəsinə dair görüş keçirilib.
Görüş zamanı bu günədək aparılan eksperimentlərin yol xəritəsi, alınan nəticələr və növbəti addımlar müzakirə edilib. Eyni zamanda Xəzər dənizində yaşayan “Caspian salmon” balıqları üzərində aparılan genetik analizlərin də ilkin nəticələri təhlil olunub.
Layihə çərçivəsində BDU-nun Biologiya fakültəsinin magistrantlarının elmi işlərinin bir qismi sənayedən gələn sifarişlər əsasında ortaq hazırlanacaq, “LU-MUN Holding”in müəssisələrində həyata keçiriləcəkdir. Aparılan eksperimentlər BDU və “LU-MUN Holding” tərəfindən maliyyələşdiriləcəkdir.
Bununla bərabər, görüşdə beynəlxalq mütəxəssislər tərəfindən akvakultura sahəsində ustad dərslərinin, BDU və “LU-MUN Holding”in birgə konfransının və elmi-praktiki dərslərin həyata keçirilməsi də razılaşdırılıb.