BDU İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu elm və təhsil müəssisələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı elm, təhsil mübadiləsinin təmin edilməsinə, beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə daim xüsusi diqqət yetirir. Bu istiqamət Universitetin İnkişaf Startegiyasında prioritet məsələ hesab olunur. Bu məqsədlə də BDU ilə İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Əməkdaşlıq müqaviləsində magistratura və doktorantura səviyyələrində tələbə, tədqiqatçı, akademik və inzibati heyətin mübadiləsi, onlar üçün birgə təlim proqramlarının təşkili, qarşılıqlı maraq doğuran mövzular üzrə ortaq elmi layihə və tədqiqatların həyata keçirilməsi, elmi jurnallarda birgə nəşrlərin verilməsi kimi mühim məsələlər öz əksini tapıb. Həyata keçirilən əməkdaşlığın əsas məqsədi BDU-nun müvafiq Mərkəzlə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Donostia Beynəlxalq Fizika Mərkəzinin Prezidenti Pedro Miguel Echenique Landiribar imzalayıb. Müqavilə çərçivəsində həmçinin birgə konfransların, sərgilərin, seminarların, simpoziumların, qısa kursların, təlimlərin təşkili və qarşılıqlı maraq doğuran digər sahələr üzrə əməkdaşlıq edilməsi də nəzərdə tutulur. Bu isə öz növbəsində gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsini təmin edəcək.
Məlumat üçün bildiririk ki, 2000-ci ildə fəaliyyətə başlayan Donostia Beynəlxalq Fizika Mərkəzi fizika və əlaqəli fənlər üzrə qabaqcıl tədqiqatları inkişaf etdirən tədqiqat mərkəzidir. Mərkəzdə əsasən kondensasiya olunmuş maddə fizikası, materialşünaslıq, nanoelm, kimyəvi fizika, kosmologiya, hissəciklər fizikası və digər mövzular istiqamətində tədqiqatlar aparılır. Tədqiqat istiqamətinə kimya və bioelmlər üzrə tədqiqatlar da daxildir. Mərkəz inkişaf etmiş cəmiyyətin qabaqcıl elmi tədqiqatlara ehtiyacı olması fikri əsasında yaradılıb. Hər il Mərkəzin tədqiqatçıları tərəfindən 400-dən çox elmi əsər nəşr olunur və müxtəlif sayda qrant layihələri icra edilir.