BDU əməkdaşları torpaqların çirklilik dərəcəsinin müəyyən edilməsində indikator bitkilərdən istifadə edilməsini təklif edir
Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasında neft və neft məhsulları ilə çirklənmiş torpaqların çirklilik dərəcəsinin indikator bitkilərin köməyi ilə təyin edilməsi üzrə tədqiqatlar davam edir.
Hazırda ətraf mühitdə antropogen amillər və texnogen təsirlərin gücləndiyi, o cümlədən neft mədənləri ərazisində torpaq-bitki örtüyünün neft məhsulları, minerallaşmış lay suları və s. tullantıları ilə çirkləndirilməsi səbəbindən torpaqların münbitliyinin itirilməsinə (eroziyanın inkişafına, şorlaşmaya, humus təbəqəsinin strukturunun pozulmasına), bitki örtüyünün isə deqradasiyasına səbəb olur. Bu baxımdan, belə neqativ proseslərin qarşısını almaq məqsədi ilə bitkilərin bərpası və torpaqların çirklənmə dərəcəsinin indikator bitkilər ilə araşdırılması zərurəti yaranmışdır. Ekoloji-geobotanika tədqiqatları Şimali Xəzər sahili ərazisində, Samur-Şabran ovalığında “Siyəzən neftin” 1, 2 və 3 saylı neft mədənlərində aparılmışdır. Tədqiqatın yekun nəticəsinə əsasən bir neçə informativ sxem tərtib olunmuşdur.
Aparılan elmi-tədqiqat işlərinin nəticəsi göstərir ki, neft və neft məhsulları ilə çirklənmiş torpaqların çirklilik dərəcəsini (zəif, orta və şiddətli) kimyəvi analiz aparmadan da indikator bitkilərin köməyi ilə təyin etmək və qiymətləndirmək mümkündür.
Tərtib olunmuş müvafiq sxemlər “indikasiya xəritəsi”nin aerokosmik metodlarla tərtibi üçün istifadə edilə bilər.
Bu barədə ətraflı bax:Gurbanov E.M., Huseynova H.Z., Ibrahimov Sh.İ., Methods for Determining Soil Cintamination by Oil and Petroleum Products and Indicator Plants in the North of Caspian Sea, International Journal of Agriculture and Biological Sciences, v.4 (3), p.84-89, 2020.