BDU əməkdaşları Bosniya və Herseqovinada genom redaktəsi üzrə beynəlxalq təlimdə iştirak ediblər
Təlim genom redaktəsi üzrə məşhur mütəxəssis, Missuri Universitetinin professoru Binq Yanq tərəfindən aparılıb. Təlim zamanı genom redaktəsi texnologiyasının bitkilərdə təşkili, bitkilərin müxtəlif stress faktorlarına davamlılığının artırılması məqsədi ilə uyğun müdafiə mexanizmlərinin aktivləşdirilməsi, laboratoriya şəraitində RUBY geninin selektiv marker kimi bitkilərdə tətbiqi və müxtəlif stresslərə davamlı genotiplərin yaradılması haqqında geniş nəzəri və praktiki biliklər əldə olunub. Həmçinin genom redaktəsi texnologiyasının nöqtəvi mutasiyaların (SNP) bərpasında rolu praktiki olaraq göstərilib, bitkilərdə CRISPR/Cas 9 sisteminin qurulması mexanizmi və sgRNA dizayn olunması üsulu izah edilib. Müxtəlif sgRNA dizayn olunması üsullarında istifadə olunan onlayn platformalarda (CRISPIR-P 2.0, Ensemble, NCBI) işləmə qaydaları barəsində məlumat əldə olunub.
Təlimdə həmçinin BDU-da yaradılmış Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyasının təkmilləşdirilməsi üzrə fəaliyyət planı da müzakirə edilib.