BDU əməkdaşı Türkiyənin Çukurova Universitetinin Jurnalistika fakültəsinin tələbələrinə mühazirə oxuyub
Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı Nərminə Əsədova “Erasmus” mübadilə proqramı çərçivəsində Türkiyənin Çukurova Universitetində "Fərqli yanaşmalar və həvəsləndirici ideyalar” adlı layihədə iştirak edib. Nərminə Əsədova Çukurova Universitetinin Jurnalistika fakültəsində tələbələrə “Azərbaycan mətbuat tarixi”, “Bakı Dövlət Universitetində media təhsili”, “İctimaiyyətlə əlaqələr və sosial media”, “Sosial media: perspektivlər və çağırışlar” mövzularında mühazirə oxuyub.
Nərminə Əsədova çıxışında BDU-nun tarixindən bəhs edib, Jurnalistika fakültəsinin son illərdəki fəaliyyəti, uğurları barədə məlumat verib, tələbələrə yaradılan şəraitdən danışıb. Mühazirədə sosial mediada yeni çağırışların öyrənilməsi və tətbiqi modellərinin hər zaman öz aktuallığı ilə seçildiyi diqqətə çatdırılıb, müasir dövrdə mediada yaranan yeni trendlər Azərbaycan mətbuatından nümunələr əsasında izah edilib.
Mühazirə iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.
Qeyd edək ki, tədrisdə kadrların mobilliyini təmin etmək məqsədilə təşkil edilən layihə “Erasmus+ KA171” proqramı tərəfindən dəstəklənir.