BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının 2022/2023-cü tədris ilində ilk iclası keçirilib.
Əvvəlcə Ermənistanın hərbi-siyasi təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun rektoru Elçin Babayev bildirib ki, bu il sentyabrın 12-13-də Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olanlar arasında BDU-nun məzunu Erkin Әdalәt oğlu Hüseynov da var. Rektor Vətən uğrunda həlak olan qəhrəman şəhidlərimizin qanının yerdə qalmadığını bildirib və onların əziz xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağını vurğulayıb.
İclasda 2022/2023-cü tədris ilinin payız semestri üzrə tədrisin təşkili və digər əlaqədar məsələlər müzakirə olunub.
Qeyd olunub ki, 2022/2023-cü tədris ilində BDU-da bakalavriat səviyyəsində 3 yeni ixtisas (Mədən mühəndisliyi, Qida mühəndisliyi, Mühəndis fizikası) magistratura səviyyəsində isə 3 yeni ixtisaslaşma (Aktuar riyaziyyat, Ekologiya hüququ, Vergi hüququ) üzrə tələbə qəbulu aparılıb. Növbəti tədris ilində 5 yeni ixtisas və ixtisaslaşmanın formalaşdırılması üçün hazırlıq işləri aparılır.
2022/2023-cü tədris ilindən BDU-nun Biologiya fakültəsində Azərbaycanda İCESCO-nun ilk ixtisaslaşdırılımış Biotibbi materiallar kafedrası fəaliyyət göstərəcək.