BDU Elmi Şurasının “Elm günü”nə həsr olunmuş xüsusi iclası
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş xüsusi iclası keçirilib.
İclasda çıxış edən BDU rektoru Elçin Babayev bu günün Azərbaycan alimləri, elmi ictimaiyyəti üçün bayram, Prezident İlham Əliyev tərəfindən elmə verilən böyük dəyərin təzahürü olduğunu bildirib. Rektor vurğulayıb ki, Azərbaycanda dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin davamlı inkişafı, iqtisadi, siyasi və hərbi qüdrəti təhsilin keyfiyyəti və səviyyəsi, həmçinin ölkənin elmi potensialı və bu sahələrdəki uğurları ilə bilavasitə bağlıdır. Müstəqilliyimizin bərpasından keçən müddət ərzində dövlətin diqqət və qayğısı sayəsində ölkəmizdə elm və təhsil sahələri sürətlə inkişaf edib, bu istiqamətdə nailiyyətlər qazanılıb. Elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir, qanunvericilik təkmilləşdirilir. Son illərdə ölkəmizdə milli maraqlara və bəşəri dəyərlərə əsaslanan müasir elm və təhsil sistemi formalaşıb. Ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər icra olunur. Elm, təhsil və sənayenin məharətlə əlaqələndirilməsi, müasir texnologiyalar və innovasiyaların tətbiqi yolu ilə inkişaf etdirilməsi hazırda ən aktual və prioritet məsələdir. Bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm və davamlı işlər görülür. Öz strategiyasında təhsil və elmi tədqiqatların sıx inteqrasiyasını, o cümlədən tələbələrin tədris praktikasının birbaşa olaraq tədqiqatla əlaqələndirilməsini əsas götürən BDU-da hər il “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq həyata keçirilir. Artıq üç ildir ki, BDU əməkdaşları arasında “Elm günü”nə həsr olunmuş “İlin alimi” nominasiyası üzrə müsabiqə elan olunur. “İlin alimi” müsabiqəsinin məqsədi BDU-nun il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş əməkdaşlarının mükafatlandırılmasıdır. “Elm günü” ilə əlaqədar BDU-nun bütün fakültələrində silsilə elmi seminarlar, ustad dərsləri təşkil olunur. BDU-nun əməkdaş, doktorant və tələbələrinin uğurlu elmi fəaliyyəti öz nəticəsini verməkdə davam edir. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, 2023-ci ilin ilk 3 ayı ərzində BDU-nun Hirş indeksi artaraq 56 olub (Hirş indeksi alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir). Hər bir əsərə istinadların orta sayı isə 6.81-ə qədər yüksəlib. Onu da qeyd edək ki, 2018-cı ilin sonunda BDU-nun Hirş indeksi 35-ə bərabər olub. Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3761 elmi əsər nəşr edilib. Bu əsərlərə 25629 dəfə istinad edilib. Təkcə 2022-ci ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 254 əsər (2022-ci il üzrə yekun nəticələr tam deyil, 2023-cü ilin ilk yarımilliyində tamamlanacaq) nəşr edilib və nəşr edilən əsərlərə 5603 dəfə istinad olunub ki, bu da 2018-ci ildə edilən istinadların sayından 2.5 dəfə çoxdur. Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.
Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri Turxan Süleyman isə qeyd edib ki, ölkənin ilk ali təhsil ocağı olan BDU Azərbaycanın milli sərvəti, canlı tarixidir. O, BDU alimlərini bu əlamətdar gün münasibətilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov “Humanitar elmlərin problemləri”, Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri Arif Səlimov “Riyaziyyatın müasir problemləri”, “Azərbaycan Balıq Yetişdiriciləri və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri, “Azerbaijan Fish Farm" MMC-nin direktor müavini Zaur Salmanlı “Azərbaycan Respublikasında akvakultura. Mövcud vəziyyət və perspektivlər”, BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin rəhbəri İlyas Nəsibov “BDU tələbələrinin elmi-tədqiqat və mühəndis-texniki yaradıcılıq fəaliyyəti, “TEKNOFEST” layihələri”, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin XI sinif şagirdi, “Sabahın alimləri” XII Respublika müsabiqəsinin qalibi Misir Hüseynli “Triboelektrik nanogeneratorlar əsasında hibrid formalı enerji sistemlərinin ağıllı nəqliyyat texnologiyalarına tətbiqi” mövzularında çıxışlar ediblər.
İclasın sonunda BDU-nun son bir ildəki elmi fəaliyyətinə dair videoçarx nümayiş olunub.