BDU-da Zəngilan Şəhəri Günü qeyd edilib
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə 20 oktyabr – Zəngilan Şəhəri Günü münasibətilə tədbir keçirilib. Professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb.
İnformasiya və sənəd menecmenti fakültəsinin müəllimi, qazi anası Vəzufə Xudiyeva Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamını xatırladıb, sənədin tarixi əhəmiyyətini vurğulayıb: “Cəbrayıl və Füzuli şəhərlərindən sonra 20 oktyabr 2020-ci ildə xüsusi strateji əhəmiyyətə malik olan Zəngilan şəhərinin işğaldan azad edilməsi xalqımızda yüksək əhval-ruhiyyə, müharibədə tarixi qələbə əldə edəcəyimizə sarılmaz inam hissi yaratdı”. Vəzufə Xudiyeva vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi əsasında işğaldan azad olunmuş ərazilərdə birinci pilot layihə Zəngilan rayonun Ağalı kəndində icra edilib, yüzlərlə sakin artıq öz doğma yudlarında məskunlaşıblar. Sonra kafeda müdirləri Elçin Əhmədov, Nadir İsmayılov çıxış ediblər. Çıxışlarda Qarabağda aparılan son antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyinin tam bərpa olunmasından, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Dövlət Bayrağımızı ucaldılmasından, xalqımıza qarşı soyqırımı törətmiş cinayətkarların həbs olunaraq ədalət məhkəməsinin mühakiməsinə verilməsindən qürurla bəhs edilib.
Tədbir fakültə tələbələrinin hazırladığı bədii hissə ilə yekunlaşıb.