BDU-da “Zəfərə doğru addım-addım” adlı tədbir
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, sonra torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kimya fakültəsinin dekanı Fuad Kərimli Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Zəfərinin tariximizə və xalqımızın ürəyinə əbədi həkk olunduğunu vurğulayıb. "Şuşa ili" çərçivəsində keçirilən tədbirin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edən Fuad Kərimli bildirib ki, bu qəhrəmanlıq dastanının hər günü öyrənilməli, təbliğ olunmalıdır.
Tədbirdə Vətən müharibəsi iştirakçıları - Daxili Qoşunların ehtiyatda olan zabiti İsmayıl Hacıyev, Milli Ordunun ehtiyatda olan zabiti Elşən Cəbrayılov, Xüsusi Təyinatlı Qüvvələrin giziri Cavid Həsənov, baş çavuşu Fərid Bağırlı, Şərqşünaslıq fakültəsinin məzunu Fərid Mirzəyev, Kimya fakültəsinin məzunları Yusif Fərəcov və Şahin İbrahimov keçdikləri döyüş yolu barədə xatirələrini söyləyib, gənclərlə maraqlı müzakirələr aparıblar.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov “Şuşa İli” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanın igid oğullarının əldə etdiyi tarixi Zəfər böyük tarixi əhəmiyyətə malikdir, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın özünə inamını geri qaytarıb.