BDU-da “Yeni Azərbaycan Partiyası Heydər Əliyevin şah əsərdir” mövzusunda tədbir keçirilib
Bakı Dövlət Universitetində (BDU) “Yeni Azərbaycan Partiyası Heydər Əliyevin şah əsərdir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, 31 il bundan öncə ölkəmizin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan ziyalılarının təşəbbüsü ilə yaranan Yeni Azərbaycan Partiyası şərəfli tarixi yol keçib. Yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. YAP bu 31 ildə öz məqsədlərinə uyğun səmərəli fəaliyyət göstərib: “YAP-ın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər, bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və ölkəmiz davamlı inkişaf yoluna qədəm qoydu”.
Rektor qeyd edib ki, 2005-ci ilin mart ayında keçirilən YAP-ın III qurultayında Azərbaycan Prezidenti, YAP sədrinin birinci müavini İlham Əliyevin sədr seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar idarəetmədə keyfiyyətin və səmərəliliyin daha da artırılmasına, vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət etdi. Bu islahatların həyata keçirilməsində cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası öz müstəsna xidmətləri ilə yadda qaldı. Son prezident seçkilərindən sonra Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələr layiqincə yerinə yetirilir, islahatlar uğurla davam edir. Hakim partiyanın 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın - siyasi həmrəylik və milli birlik modelinin əsasını qoyması xüsusi ilə diqqətəlayiqdir. 44 günlük Vətən müharibəsində bu birlik və həmrəylik Azərbaycan xalqına şanlı Zəfəri yaşatdı.
Milli Məclisin komitə sədri, BDU-nun kafedra müdiri Ziyafət Əsgərov isə qeyd edib ki, Azərbaycanın qazandığı bütün uğurların kökündə Heydər Əliyev fenomeni dayanır. Ulu Öndər Heydər Əliyev düşünülmüş və uzaqgörən siyasəti sayəsində dövlətimiz və xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, gələcək inkişafın strateji hədəflərini müəyyənləşdirdi və Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi.
Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri Anar İsgəndərov, YAP Veteranlar Şurasının, YAP-ın yaradılmasının təşəbbüs qrupunun üzvü Şahlar Əsgərov, YAP Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, hüquq elmləri doktoru, professor, “Zahid Xəlilov 23” ərazi partiya təşkilatının sədri Zahid Cəfərov çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini diqqətə çatdırıblar. Çıxışlarda Azərbaycanın müstəqil, suveren dövlət kimi bərqərar olub inkişaf etməsində, dünya birliyində layiqli yer tutmasında Ümummilli Liderin müdrik və uzaqgörən siyasətinin, əbədiyaşar ideyalarının əvəzsiz tarixi rolu vurğulanıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin daha uca, yeni zirvələrə yüksəldiyi, böyük qələbələrə imza atdığı qeyd edilib.
Tədbirin sonunda YAP-a üzv qəbul edilmiş BDU tələbələrinə vəsiqələr təqdim edilib.