BDU-da yazıçı Güllü Məmmədovanın tarixi romanlarının müzakirəsi keçirilib
Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə yazıçı Güllü Məmmədovanın “Oğurlanmış Zəngəzur”, “Fatehlərin zəfəri” və “Qan içində işıq” tarixi romanlarının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra doğma Qarabağımızın zəngin mənəvi, ədəbi mühiti də yenidən qurulur. Bu mövzuda yeni əsərlər meydana gəlir: “Qarabağ ruhunun yaşadılmasında, xalqımızın mübarizə ovqatının formalaşmasında ədəbiyyatımız bütün dövrlərdə aparıcı rol oynayıb. Əminik ki, bundan sonra ədəbiyyatımızda qələbə ruhlu yeni-yeni əsərlər, şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarını əks etdirən tarixi romanlar yazılacaq”.
Sonra filologiya elmləri doktoru, professor Salidə Şərifova, şair İbrahim Yusifoğlu, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan, şair Məmməd Tahir, yazıçı Bayram İskəndərli və başqaları haqqında bəhs edilən romanların məziyyətləri haqqında danışıblar.
Tarixi romanların müəllifi, yazıçı Güllü Məmmədova müzakirənin keçirilməsinə şərait yaradıldığına görə BDU rəhbərliyinə təşəkkürünü bildirib, iştirakçılara imzalı kitablarını hədiyyə edib.
Sonda tələbələrin ifasında bədii hissə nümayiş olunub.