BDU-da "XX əsrin qanlı səhifəsi" adlı tədbir
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat, Geologiya və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "XX əsrin qanlı səhifəsi" adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, soyqırım qurbanlarının, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Coğrafiya fakültəsinin dekan əvəzi Məqsəd Qocamanov, dekan müavini Ramiz Əhlimanov, Geologiya fakültəsinin dekan müavini Ələkbər Mirzəyev və tələbələr iştirak ediblər. Çıxışlarda vurğulanıb ki, 1918-ci ilin mart ayının sonu, aprel ayının əvvəlində Bakıda və Azərbaycanın digər bölgələrində xüsusi qəddarlıqla törədilən qırğınlar zamanı 50 minədək dinc sakin qətlə yetirilib. Mart soyqırımı öz amansızlığı və miqyasına görə azərbaycanlılara və bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətlərdən biridir. Tarixi şərait nəticəsində əllərinə düşən fürsətdən istifadə edən ermənilər minlərlə insanı xüsusi qəddarlıqla qətlə yetiriblər.
Mart soyqırımına hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra verilib. Tədbirdə bu faciələrin xalqımızın qan yaddaşına yazıldığı, tarixi həqiqətlərin gənc nəslə çatdırılmasının və unudulmamasının əhəmiyyəti qeyd olunub.
Tədbir soyqırıma həsr olunmuş bədii hissə ilə davam edib.