BDU-da xərçəngin genomu və diaqnostikasına dair elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Xərçəng: genomu, diaqnostikası, terapiya metodları” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda çıxış edən TEC-in Biologiya fakültəsi üzrə elmi rəhbəri, Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahov bildirib ki, sağlam hüceyrələr bölünmə, ölü hüceyrələri əvəz etmə və toxuma zədələnməsini bərpa etmə qabiliyyəti ilə yenilənir. Bu bölünmə və çoxalma DNT tərəfindən idarə olunur və müəyyən nizama malikdir. Ancaq DNT-nin bir qədər zədələnməsi nəticəsində bəzi hüceyrələr idarə olunmadan bölünür və çoxalır. Bu hüceyrələr birləşərək şişlər əmələ gətirir. Bədənimizin müxtəlif toxuma və orqanlarında yarana bilən şişlər xoşxassəli və bədxassəli formalara bölünür. Bədxassəli şişlər böyüdükcə normal toxumaları zədələyir və xərçəng dediyimiz xəstəlik yaranır. Bəzən xərçəng hüceyrələri qan və limfa dövranı ilə əmələ gəldiyi toxumadan başqa toxumalara çataraq xəstəliyin bədənin digər hissələrinə keçməsinə səbəb olur. Xərçəng dünyada ürək-damar xəstəliklərindən sonra ən çox can itkisinə səbəb olan xəstəlikdir.
III kurs tələbələri Əfsanə Baxışzadə, Sona Dünyamalıyeva, Ləman Ağayeva və Gülənbər Əhmədova xərçəng xəstəliyi, terapiya metodları, bu sahədə əldə edilmiş elmi nailiyyətlər və hazırda xərçəng xəstəliyində yeni tətbiq olunan müalicə üsulu - immunoterapiya, CAR-T və CRISPR-Cas9 haqqında auditoriyaya geniş məlumat veriblər.
Sonda fakültə dekanı Afət Məmmədova belə seminarların keçirilməsinin, xərçənglə bağlı maarifləndirmənin əhəmiyyətini qeyd edib.