BDU-da “Ulu Öndər Heydər Əliyev: həyatın unikal səhifələri” adlı tədbir
Bakı Dövlət Universitetində (BDU) Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı və “Z. Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev: həyatın unikal səhifələri” adlı tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Z. Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinin Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etdiyini, müstəqil Azərbaycanın memarı olduğunu qeyd edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev çoxşaxəli fəaliyyəti ilə şərəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı düşünüb, onun inkişafına çalışıb. Bu gün müstəqil Azərbaycan dahi liderin əbədiyaşar ideyaları əsasında qüdrətlənir, həmin ideyalar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev isə bildirib ki, Ulu Öndər milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın xilaskarıdır. Ölkəmizin əldə etdiyi uğurlu naliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və regionda yaranan reallıqlardır. Prezident İlham Əliyev Vətən müharibəsindən sonra Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirib, bu ilin sentyabrın 19-da start verilmiş antiterror tədbirləri üçün baza formalaşdırıb. Azərbaycan xarici təzyiqlərə baxmayaraq lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağ iqtisadi rayonunda seperatizmi məhv edib. Sentyabrın 20-də isə qondarma rejim lokal antiterror əməliyyatına qarşı müqavimət göstərə bilməyərək təslim olub. Bu təslimiyyət regionun gələcək inkişafının əsas istiqamətlərindən birini təşkil edəcək.
YAP-ın İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Hikmət Babaoğlu vurğulayıb ki, müstəqil, azad Azərbaycan böyük Heydər Əliyevin şah əsəridir. Bu gün Azərbaycanın iqtisadi, mədəni, siyasi, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Azərbaycanın ən yeni tarixinin böyük bir erası məhz onun adı ilə bağlıdır. Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi, müstəqillik dövrüdür. Müasir mərhələdə Azərbaycanın inkişafı da məhz Ulu Öndər tərəfindən təməli qoyulmuş iqtisadi, siyasi, mədəni, intellektual əsaslarda baş tutur.
YAP-ın Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri Ağalar Abbasbəyli çıxışlarında qeyd ediblər ki, bu gün dünyada yeni reallıqları ilə tanınan Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirin sonunda YAP-ın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə fərqlənmiş üzvlərə fəxri fərman, yeni üzvlərinə isə partiya vəsiqələri təqdim edilib.