BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanda müasir gənclər siyasətinin banisidir” adlı tədbir
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “Ulu Öndər Heydər Əliyev Azərbaycanda müasir gənclər siyasətinin banisidir” adlı tədbir keçirilib. Tədbirdə Hüquq fakültəsi tərəfindən hazırlanmış və Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycan gənclərinin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan bəhs edib, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Repsublikasının Prezidenti İlham Əliyevin gəncliyin inkişafına yönəlmiş addımları, eləcə də bu sahədə Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun verdiyi töhfələrlə bağlı məlumat verib.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin Gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov və Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək Ulu Öndərin gənclərin təhsili və inkişafında, gənc kadrların yetişdirilməsində əvəzolunmaz rolu və fəaliyyəti barədə ətraflı danışıblar.
Daha sonra Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri, III kurs tələbəsi Nihad Rəhimli və Hüquq fakültəsinin I kurs tələbəsi, Prezident təqaüdçüsü Həmidə Sadıqova Ulu Öndərin müasir gənclər siyasətinin banisi kimi fəaliyyəti haqqında çıxış ediblər.
Həmid Nəsibov və Fərid Cəfərov tələbələri maraqlandıran sualları cavablandırıb, həmçinin tələbələr öz aktiv fəaliyyətləri barədə məlumatları qonaqlarla paylaşıblar.