BDU-da “Türkiyə Cümhuriyyəti – 100” adlı kitab sərgisi
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə “Türkiyə Cümhuriyyəti – 100” adlı kitab sərgisi təşkil olunub.
Sərgidə türk xalqının qəhrəmanlıq, şücaət və fəxarət dolu tarixi, Türkiyənin dövlət siyasəti, ölkələrimizin mədəni əməkdaşlığı, diplomatik əlaqələri, qardaş ölkənin mədəniyyət və incəsənətindən bəhs edən 100-ə yaxın kitab nümayiş olunur. Sərgidə türk tarixinə adlarını qızıl hərflərlə yazmış dünya şöhrətli şəxsiyyətlər – Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu, müdrik siyasəti haqqında olan, həmçinin iki liderin müstəqillik, türk qardaşlığı, dostluğu və həmrəyliyi mövzusunda söylədikləri dəyərli fikirləri özündə əks etdirən kitablar oxucuların böyük marağına səbəb olub.
Türkiyə Cümhuriyyəti ilə bağlanan ikitərəfli müqavilələr, beynəlxalq aləmdə iki dövlətin birgə səylərinin bariz nümunəsi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri haqqında nəşrlərin də nümayiş olunduğu sərgi həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq.