BDU-da “Türk otağı” açılıb
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının nəzdində “Türk otağı” açılıb.
Açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev “Türk otağı”nın açılmasının Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin daha da inkişafı naminə fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanması üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Şərqşünaslıq fakültəsi BDU-nun ən köklü fakültələrindəndir. Şərqşünaslıq fakültəsində 1990-ci ildən Türk filologiyası kafedrası fəaliyyət göstərir. Türkiyə regionu, türk dili, ədəbiyyatı, tarixi ilə bağlı fənlər tədris olunur, elmi tədqiqatlar aparılır. Məhz bu kafedranın yetişdirdiyi kadrlar ölkəmizi həm elmi, mədəni, həm də siyasi sahədə təmsil edirlər.
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç, Türkiyə səfirliyinin müşavirləri Zeynəb Kıvılcım və Muhittin Macit, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov çıxışlarında qeyd ediblər ki, BDU-da “Türk otağı”nın açılması Azərbaycan-Türkiyə qardaşlığına, iki ölkənin elmi, mədəni əlaqələrinə böyük töhfədir və strateji mahiyyət daşıyır. Türk dünyasının bir hissəsi olan Azərbaycan qardaş ölkənin regionunun, dilinin, mədəniyyətinin təbliği sahəsində genişmiqyaslı işlər aparır. Türk filologiyası kafedrası da bu əhəmiyyətli prosesin əsas dəstəkçilərindəndir. “Türk otağı”nın açılması tələbələrin tədris prosesində türk mühiti ilə daha yaxından təmasda olması üçün əhəmiyyətlidir.