BDU-da tələbələrin III Respublika konfransı: “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi”
Bakı Dövlət Universitetində (BDU) İnformasiya və menecment fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda tələbələrin III Respublika konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan professor Xəlil İsmayılov bildirib ki, son dövrlər BDU-da elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi, o cümlədən tələbələrin də bu prosesə cəlb edilməsi istiqamətində mühüm addımlar atılır: “Bu mənada İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə davamlı olaraq keçirilən, artıq ənənə halını alan “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda Respublika konfransı xüsusi əhəmiyyətə malikdir. Builki konfransın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması tədbirin əhəmiyyətini daha da artırır”. Konfransın tələbələrdə elmi fəaliyyətə böyük maraq yaradacağını vurğulayan Xəlil İsmayılov tədbirin işinə uğurlar arzulayıb.
İnformasiya və sənəd menecmenti fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Rəşad Qardaşov qeyd edib ki, tədbirin keçirilməsində məqsəd kitabxana-informasiya fəaliyyətində əsas element olan elektron kataloqların və avtomatlaşdırma proseslərinin müasir vəziyyətini və perspektivlərini araşdırmaq, tələbələrdə elmi tədqiqata marağı artırmaq, bu istiqamətdə olan elmi nəticələri müzakirə etməkdir.
Respublika konfransında tələbələr BDU-nun Elmi Kitabxanası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Kitabxanası, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Kitabxanası, Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzi, Azərbaycan Dillər Universitetinin Kitabxana İnformasiya Mərkəzi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ Kitab Evində avtomatlaşdırma proseslərinin müasir vəziyyəti, istifadə səmərəliliyi, elektron kataloqun axtarış imkanları barədə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda kitabxanaların bu sahədəki fəaliyyəti şərh edilib, müqayisəli təhlillər aparılıb, alınmış nəticələr təqdim olunub, təkliflər irəli sürülüb.
Sonda fakültə rəhbərliyi və təmsil olunan kitabxanaların direktorları çıxış edərək konfransın əhəmiyyətindən bəhs edib, təşkilatçılığa və yüksək səviyyədə dəstəyə görə Universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.