BDU-da “Tarixi qələbənin siyasi-ideoloji əsasları: yeni reallıqlar və çağırışlar” mövzusunda dəyirmi masa
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi tələbələrinin və BDU Könüllülərinin iştirak etdiyi dəyirmi masada Bakı Politoloqlar Klubunun sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Mətin Məmmədli, siyasi araşdırmaçı Əhməd Əlili mövzu ətrafında çıxışlar edib, Azərbaycanın qələbəsinin regionda yeni reallıqlar yaratdığını diqqətə çatdırıblar.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazanaraq özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Son illər ərzində beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edilməsi Prezident İlham Əliyevin ölkəmizin milli maraqlarına söykənən xarici siyasətinin nəticəsi idi. Ümumiyyətlə, Prezident İlham Əliyevin prinsipial mövqeyi və diplomatik fəaliyyəti Azərbaycanın Vətən müharibəsində Qələbəsini şərtləndirən amillərdən biri olub. Vətən müharibəsi dövründə bir sıra aparıcı beynəlxalq KİV-lərə müsahibələrində Prezident İlham Əliyevin dövlətçilik maraqlarına söykənən əsaslı fikirləri Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırıb, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində də tarixi ədalətin Zəfər çaldığını göstərib.
Dəyirmi masa tələbələrin sualları əsasında diskussiya şəklində davam edib.