BDU-da tanınmış ictimai-siyasi xadim Lidiya Rəsulovaya həsr olunmuş "Tarixə yazılmış ömür" kitabının təqdimatı olub
Bakı Dövlət Universitetində (BDU) tanınmış ictimai-siyasi xadim Lidiya Rəsulovaya həsr olunmuş "Tarixə yazılmış ömür" kitabının təqdimatı keçirilib.
Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Firidun Qurbanov qeyd edib ki, Lidiya Rəsulova işlədiyi bütün vəzifələrdə məsuliyyətlə çalışan, Vətənini, dövlətini sevən, yüksək mənəviyyata malik insan olub. Buna görə də Lidiya Rəsulovanın xidmətləri bu gün də hörmətlə yad edilir. O, 1981-1988-ci illərdə Həmkarlar İttifaqlarları Şurasının sədri olarkən Azərbaycanda istirahət, idman mərkəzlərinin yaradılmasına xüsusi diqqət yetirib. 1993-1997-ci illərdə təhsil naziri vəzifəsində işləyərkən Təhsil Nazirliyinin yeni strukturu formalaşıb, ciddi islahatlar aparılıb. O, prinsipial, təmiz, düzgün qərarlar qəbul etmək bacarığına malik dövlət xadimi idi.
Milli Məclisin komitə sədri Hicran Hüseynova bildirib ki, Lidiya Rəsulova qeyri-adi idarəçilik bacarığına malik, obyektiv insan kimi həm sovet dövründə, həm müstəqillik illərində müxtəlif vəzifələrdə çalışıb. O, Ümummilli Lider Heydər Əliyev məktəbinin ən parlaq nümayəndəsi idi. Ömrünün sonuna qədər Ulu Öndərin siyasətinə sadiq qalan Lidiya Rəsulova eyni zamanda Azərbaycanda qadın hərəkatının öncüllərindən olub.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov da Lidiya Rəsulovanın ictimai-siyasi fəaliyyəti, xidmətləri ilə bağlı fikirlərini bildirib, onun əziz xatirəsinin həmişə yaddaşlarda yaşayacağını qeyd edib.
Daha sonra kitabın müəllifi, jurnalist Dilarə Rüstəm, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Xalq artisti Könül Xasıyeva, vəkil Aslan İsmayılov, Lidiya Rəsulovanın ailəsinin üzvü Emin Rəhimov çıxış ediblər. Çıxışlarda Lidiya Rəsulovanın Azərbaycan dövlətçiliyi qarşısında xidmətləri vurğulanıb, onunla bağlı xatirələr səsləndirilib.
Tədbirin sonunda “Mədəniyyət” TV-nin Lidiya Rəsulovanın xatirəsinə həsr etdiyi “Tarixə yazılmış ömür” filmi nümayiş olunub.