BDU-da “Smart kitabxanalar” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Smart kitabxanalar” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti Azad Qurbanov mövzu ilə bağlı məruzə edib.
Məruzədə əvvəlcə smart kitabxana anlayışı şərh edilib. Qeyd olunub ki, bu termin ilk növbədə müasir texnologiyaları və kitabxana xidmətlərini birləşdirən innovativ həll kimi izah oluna bilər. Smart kitabxanalar oxuculara müxtəlif elektron kitablara, jurnallara və digər informasiya resurslarına geniş çıxış imkanı verən, kitabxanalara isə rahat və səmərəli idarəetməni tətbiq etməyə şərait yaradan rəqəmsal platformadır. Məruzəçi smart kitabxanaların xarakterik cəhətlərindən bəhs edərkən istifadənin asanlığı, informasiyaya geniş çıxış imkanlarının təmin edilməsi, informasiyanın axtarışı və emalı prosesinin optimallaşdırılması, vaxta və əməyə qənaət, xidmət keyfiyyətinin yüksəldilməsi, resursların mühafizəsinin və təhlükəsizliyinin təşkili, funksionallığın genişləndirilməsi kimi mühüm istiqamətləri diqqətə çatdırıb. Süni intellekt və smart kitabxanalar mövzusu da araşdırmaya cəlb olunub. Vurğulanıb ki, süni intellektlə işləyən axtarış motorları və tövsiyə sistemləri müvafiq materialların səmərəli şəkildə əldə olunmasına kömək edir: “Süni intellekt skan edilmiş sənədlərdə və şəkillərdə mətni tanımaq üçün tətbiq edilir ki, bu da tarixi və nadir materialların mühafizəsi, eyni zamanda onların onlayn şəkildə əldə edilməsi üçün böyük imkanlar yaradır”.
Məruzədə həmçinin mobil texnologiyalar, kabelsiz sistemlər, RFİD texnologiyası, Bulud texnologiyası, verilənlərin intellektual analizi, standartlar və protokollar kimi mühüm istiqamətlər də şərh olunub.
Elmi seminar müzakirələrlə davam etdirilib.