BDU-da “Sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı: üstünlükləri, perspektivləri” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək
2022-ci ilin 14-15 dekabr tarixlərində Bakı Dövlət Universitetində (BDU) “Sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı: üstünlükləri, perspektivləri” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans sənəd və informasiya menecmenti üzrə kadr hazırlığının müasir durumu və perspektivləri üzrə dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıları bir araya gətirməklə əldə edilmiş ən mühüm nəticələri müzakirə etməyə, yeni prioritet istiqamətləri müəyyənləşdirməyə şərait yaradacaq, təhsil və elmi tədqiqatların əlaqələndirilməsinə, bu sahədəki bilik və bacarıqların optimallaşdırılmasına, həmçinin elmi əlaqələrin genişləndirilməsinə xidmət edəcək.
Türkiyə, Rusiya, Moldova və digər ölkələrin ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçiriləcək konfransda sənəd və informasiya menecmenti, informasiya logistikası, kitabşünaslıq, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, redaktəetmə, kitab sənayesi, müəlliflik hüququ və əlaqəli hüquqlar kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Konfransda müxtəlif ölkələrdən qatılacaq məruzəçilərin bu sahənin problemləri və alınmış ən son nəticələr üzrə çıxışları nəzərdə tutulur.