BDU-da qlobal istiləşmənin fəsadları müzakirə olunub
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya, Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin birgə təşkilatçılığı ilə “Qlobal istiləşmə və onun törədə biləcəyi fəsadlar” mövzusunda tədbir keçirilib.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov ümumbəşəri xarakter daşıyan ekoloji problemlərin yaranma səbəbini insanların təbiətə istehlakçı münasibəti ilə əlaqələndirib. O qeyd edib ki, müasir sivilizasiya təbiət üzərində üstünlüyə can atır, bu isə digər canlılarla yanaşı, insanların həyatını da ciddi təhlükə qarşısında qoyur.
Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi, coğrafiya elmləri doktoru, professor Telman Xəlilov “Qlobal iqlim dəyişmələri və Azərbaycanda su ehtiyatlarından səmərəli istifadəyə nail olunması” mövzusunda çıxış edib. O, hazırda hava, torpaq, su kimi ətraf mühit komponentlərinin sənaye və istehsal mərkəzləri tərəfindən atılan tullantılarla çirkləndirildiyini bildirib. Onun sözlərinə görə, nəhəng texnogen çirklənmə mənbələri hesabına Yerin atmosfer təbəqəsi özünü zəhərli tullantılardan təmizləmə qabiliyyətini aşağı salıb. Suyun bütün canlılar üçün ən vacib mineral olduğunu diqqətə çatdıran Telman Xəlilov onu başqaları ilə əvəz etməyin mümkünsüzlüyünü bildirib və sudan səmərəli istifadə yollarından danışıb.
Coğrafiya fakültəsinin professoru Əsgər Məmmədov iqlim dəyişmələrinin yeni nəzəriyyələri haqqında tədbir iştirakçılarına məlumat verib. Dünyada və Azərbaycan Respublikasında meteoroloji quraqlığın müasir vəziyyətini qiymətləndirən Əsgər Məmmədov əsas quraqlıq göstəricilərini və məhsuldarlığa təsir edən proseslərin risklərini təhlil edib. O, yağıntı ilə qlobal istiləşmə arasında xətti əlaqənin axtarılması ilə razılaşmadığını bildirib. Qeyd edib ki, bəzi regionlarda qlobal istiləşmədən asılı olaraq yağıntılar artdığı halda, bəzilərində bu əlaqələr pozulub.
Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, Əməkdar elm xadimi İmran Abdullayev çıxışında Günəş aktivliyinin yer kürəsində gedən qlobal istiləşmədə mühüm rol oynadığını bildirib. O, həmçinin antropogen amillər nəticəsində ətraf mühitə göstərilən zərərli təsirlərdən danışıb, şəhərsalma prosesində yol verilən qüsurların aradan qaldırılması, meşə sahələrinin artırılmasının zərurətini önə çəkib.
Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova son vaxtlar dünyada artan əsəb xəstəlikləri və intiharların səbəblərindən birini insanların ətraf mühitə göstərdikləri təzyiq ilə əlaqələndirib. O, qeyd edib ki, hələ tam məhv edilməmiş təbiət mənzərələri bir sıra xəstəlikləri və stressi aradan qaldırır, insanları yaradıcılığa sövq etdirir. Eybəcər hala salınaraq şikəst edilmiş təbiətlə təmas isə dağıdıcı impulslara təkan verir, fiziki və psixi sağlamlığı məhv edir.