BDU-da Qərbi Azərbaycanın tarixinin öyrənilməsi, tədrisi və təbliğinə dair elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin və Qərbi Azərbaycan İcmasının “Qərbi Azərbaycan: Yurd yerimizə sahib çıxaq” adlı birgə layihəsi çərçivəsində “Qərbi Azərbaycanın tarixinin öyrənilməsi, tədrisi və təbliğinin müasir tələblər səviyyəsinə qaldırılması sahəsində qarşıda duran əsas vəzifələr” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarın moderatoru, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov tədbirin əhəmiyyətinə toxunub, Qərbi Azərbaycana qayıdışın milli hədəflərimizdən olduğunu, bu sahədə alimlərin üzərinə böyük missiya düşdüyünü bildirib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbədən sonra regionda yeni reallıqlar yarandı: “Qarabağın düşmən tapdağından azad edilməsi xalqımızı tarixi torpaqlarına daha da yaxınlaşdırır. Hazırda Azərbaycan dövləti öz gücünü, qüdrətini bütün dünyaya göstərir, müzəffər xalq kimi qayıtdığımız ata-baba torpaqlarımızda əbədi yaşayacağımız Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə bəyan olunur. Böyük Qayıdış layihəsi mərhələlərlə icra olunur, tarixi torpaqlarımız olan İrəvana, Göyçəyə, Zəngəzura qayıdacağımız inamla ifadə edilir. Bu mənada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə ötən ilin dekabrında keçirdiyi görüşdə səsləndirdiyi fikirlər strateji məqsədlərimizə çatmaq üçün konseptual və proqram xarakterli olmaqla, əslində Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsidir. Həmin görüşdə Prezidentimizin səsləndirdiyi fikirlər tarixi faktların üzərinə bir daha işıq saldı, mövcud reallıqları əks etdirdi, həm də gələcək hədəflərimizdən xəbər verdi. Azərbaycan Prezidentinin tapşırığı ilə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlandı”.
Rektor bildirib ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dönəmində Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması və müzakirələri, İcmanın dünyada tanıdılması istiqamətində görülən işlər həm də rəmzi məna daşıyır. Müstəqillik tariximizin yaradıcısı Ulu Öndər hələ 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi ata-baba torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalayıb, hadisələrə deportasiya və soyqırım cinayəti kimi qiymət verib, müvafiq dövlət komissiyası yaradıb və özü şəxsən ona rəhbərlik edib. Sonrakı mərhələlərdə isə Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev də İrəvanın və digər ərazilərimizin ermənilərə verilməsi ilə heç zaman barışmayıb, bu məsələni həmişə diqqətdə saxlayıb. Heç də təsadüfi deyil ki, Vətən müharibəsində qələbədən bir müddət sonra qarşıya qoyulan növbəti məqsəd Qərbi Azərbaycana Qayıdış Konsepsiyası oldu. Yaşadığımız bu tarixi günlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan silahlı qüvvələri cəmi bir gün ərzində lokal antiterror tədbirləri həyata keçirərək Azərbaycanın suverenliyini Qarabağ iqtisadi zonasında da tam təmin etmiş oldu. Artıq Azərbaycan dövləti orada yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası ilə bağlı öz planlarını təqdim edib. Məhz belə bir tarixi şəraitdə Qərbi azərbaycanlıların da tarixi vətənimizə qayıdışı və reinteqrasiyası xüsusi aktuallıq kəsb edir.
BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov vurğulayıb ki, Azərbaycanın indiki hüquqi və siyasi sərhədlərindən kənarda qalan İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə min illər boyu yaşayan ata-babalarımız zəngin maddi və mənəvi mədəniyyət nümunələri yaradıblar. Alim Qərbi Azərbaycanla bağlı sistemli araşdırmalar aparmağın zəruriliyini vurğulayıb.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərov bildirib ki, Qərbi Azərbaycan ərazisində tarixi-mədəni abidələrimizin, toponimlərimizin, xalqımızın folklor nümunələrinin öyrənilməsi və təbliği hər bir azərbaycanlının borcudur. Suveren tarixi ərazilərimizin işğaldan azad edilməsi ilə Azərbaycanın həmin ərazilərdəki hüquqları bərpa olunub. Bu gün qarşıda duran əsas məqsədlərdən biri öz doğma yurdlarından qovulmuş Qərbi azərbaycanlıların taleyinə aydınlıq gətirilməsidir. Əziz Ələkbərov qeyd edib ki, Qərbi Azərbaycan ərazilərində xeyli sayda mədəni, tarixi abidələrimiz zərər çəkib. BDU-nun tarixçi alimləri Qərbi Azərbaycan İcmasının üzvlərindən tarixi məlumatları toplayıb çoxcildli araşdırmalar nəşr edə bilərlər.
Daha sonra AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, dosent Cəbi Bəhramov Qərbi Azərbaycanla bağlı arxiv sənədlərinin və xəritələrin üzə çıxarılmasından bəhs edib.