BDU-da “Professor Əziz Əliyevə həsr olunmuş biblioqrafik resurslar” adlı elmi seminar keçirilib
Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “Professor Əziz Əliyevə həsr olunmuş biblioqrafik resurslar” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Aysun Cəbrayılova mövzu ilə bağlı məruzə edib. Gənc tədqiqatçı görkəmli dövlət və elm xadimi, ölkəmizdə səhiyyə işinin təşkilatçısı, professor Əziz Əliyevin zəngin irsinə həsr olunmuş biblioqrafik resurslar barədə məlumat verib. Məruzədə Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə nəşr edilmiş “Əziz Əliyev. Biblioqrafiya” kitabı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən hazırlanmış “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev” adlı biblioqrafik resurs geniş təhlilə cəlb edilib. Tədqiqatda həmçinin professor Əziz Əliyev irsi haqqında ölkəmizdə və xaricdə sənəd-informasiya axınının təşəkkülü, inkişafı və müasir vəziyyəti kompleks şəkildə araşdırılıb.
Məruzəçi professor Əziz Əliyevin ölkəmizdə tibb elminin və təhsilinin informasiya təminatının formalaşmasındakı mühüm xidmətlərindən də bəhs edib. Vurğulayıb ki, Azərbaycan Tibb Universiteti nəzdində hazırda 1 milyon kitab fonduna malik Tibb Kitabxanasının, ölkədə elmi-tibbi ədəbiyyatın, eləcə də bu sahə üzrə dövri nəşrlərin çapını həyata keçirən “Tibb nəşriyyatı”nın, “Praktiki və nəzəri tibb jurnalı”nın, hazırda “Təbib” adı ilə fəaliyyətini davam etdirən “Tibb kadrları uğrunda” qəzetinin də əsası məhz professor Əziz Əliyev tərəfindən qoyulub.
Elmi seminar müzakirələrlə davam edib.