BDU-da “Posttravmatik stress pozuntusunda psixoterapiyaların rolu” mövzusunda elmi seminar
Fakültənin doktorantları Tuğba Kızılelma və Hakan Seyhan tərəfindən keçirilən elmi seminarda insanın fiziki və psixoloji varlığını incidən, zədələyən travmaların fəsadları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, qəza, təbii fəlakət, yanğın, quldurluq, zorakılıq, işgəncə, müharibə kimi müxtəlif hadisələrdən sonra meydana gələn travmalar ağır stress pozuntusu yaradır. Qorxu, çarəsizlik, dəhşət reaksiyaları və s. səbəb olan posttravmatik stress pozuntusu (PTSP) və bundan sonra yaranan psixi pozuntular, müxtəlif kliniki xəstəliklər travmanın özü və travmatik hadisənin təkrar yaşanması ilə əlaqəlidir. İnsanların əksəriyyəti (təxminən 60-89 %) həyatında ən azı bir dəfə travmatik hadisə ilə üzləşir. Posttravmatik stress pozuntusunun müalicəsində şəxsin psixoloji ehtiyaclarına uyğun müxtəlif yanaşmalardan istifadə etmək lazımdır. Bu zaman farmakoterapiya və psixoterapiya üsullarından birgə istifadə oluna bilər. Sosial dəstək sistemlərinin artırılması, qrup terapiyaları travmatik hadisədə yaşananları danışmağa kömək edir. Koqnitiv bihevioral terapiya (CBT), qəbul və öhdəlik terapiya (ACT) və EMDR (göz hərəkətinin desentizasiyası və yenidən işlənməsi) psixoterapevtik müalicələr arasında effektivliyi sübuta yetirilmiş müalicə növlərindəndir.
Seminarda qeyd olunub ki, travmatik hadisələrin təkrar yaşanması xəstəni təhrik edir və ağır vəziyyətlərə salır. Bu zaman koqnitiv davranış terapiyası (KDT) xəstənin vəziyyətdən çıxmasına imkan verir. KDT ən çox istifadə edilən psixoterapiya növlərindən biridir. Koqnitiv terapiya PTSP-nin müalicəsində travmatik hadisə ilə bağlı əmələ gələ bilən təhrif olunmuş mənfi fikirləri, eləcə də özləri və ətraf mühit haqda uyğun olmayan, faydasız inancları müəyyənləşdirmək, aradan qaldırmaq və dəyişməkdə insanlara kömək edir.