BDU-da Müstəqilliyin Bərpası Gününə həsr edilmiş xüsusi dərs
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş xüsusi dərs keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, müstəqilliyimizin, torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xüsusi dərs Tarix fakültəsinin dosenti Xumar Səfərovanın mühazirəsi ilə davam edib. Xumar Səfərova xalqımızın azadlıq və suverenlik uğrunda mübarizə tarixi haqqında geniş məlumat verib. 1920-ci ildə Xalq Cümhuriyyətinin devrilməsinə baxmayaraq xalqımızın müstəqillik arzularının sarsılmadığını bildirib. Dövlət müstəqilliyimizin bərpasına gedən yolun keşməkeşli olduğunu diqqətə çatdıran natiq vurğulayıb ki, ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyev sovet dövlətinin təqib və təzyiqlərinə baxmayaraq bu yolun təməlinin qoyub, gələcək azad və müstəqil respublikanın qurulması üşün əsas və zəmin yaradıb: “Dövlət müstəqilliyimizin bərpasından əvvəl, 1990-cı ilin 17 noyabrında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin rəmzlərinin Muxtar Respublikanın dövlət rəmzləri kimi təsdiq edilməsi müdrik, eyni zamanda cəsarətli addım idi”. Xumar Səfərova müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliymizin möhkəmləndirilməsi istiqamətində misilsiz fəaliyyətini tarixi faktlarla şərh edib: “Xoşbəxt xalqıq ki, Ulu Öndərin müəyyənləşdirdiyi strategiya, həyata keçirdiyi tarixi missiya Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu il dövlət müstəqilliyimizin bərpasının ildönümünü bütün ərazilərimizdə suverenliyimizin bərpa olunduğu bir şəraitdə qeyd etməyimiz xalqımızda xüsusilə böyük əhval-ruhiyyə yaradıb. Bu gün qalib Azərbaycan regionun aparıcı dövləti kimi günü-gündən qüdrətlənir, azad Qarabağımızda aparılan misilsiz quruculuq işləri müstəqil, suveren Azərbaycanın daha parlaq gələcəyini şərtləndirir”.