BDU-da Müstəqilliyin Bərpası Gününə həsr edilmiş xüsusi dərs
Xüsusi dərs Tarix fakültəsinin dosenti Ələmdar Şahverdiyevin mühazirəsi ilə davam edib. Ələmdar Şahverdiyev mühazirədə xalqımızın tarixən azadlıq və suverenlik uğrunda mübarizə apardığını, bu yolda qurbanlar verdiyini qeyd edib. Bildirib ki, 1920-ci ilin aprelində Sovet imperiyası tərəfindən Xalq Cümhuriyyəti devrilsə də, xalqımızın müstəqilliyə olan inamı itməyib. Suverenliyimizin, dövlət müstəqilliyimizin bərpasına gedən yolun keşməkeşli olduğunu vurğulayan natiq hələ ötən əsrin 70-ci illərindən sovet dövlətinin təqib və təzyiqlərinə baxmayaraq Ulu öndərimiz Heydər Əliyev tərəfindən bu yolun təməlinin qoyulduğunu diqqətə çatdırıb. 1990-cı ilin noyabrın 17-də Ümummilli liderin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin rəmzlərinin Muxtar Respublikanın dövlət rəmzləri kimi təsdiq edilməsinin müdrik, eyni zamanda cəsarətli addım olduğunu vurğulayan Ələmdar Şahverdiyev müstəqilliyimizin möhkəmlənməsi proseslərinin də məhz dahi lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra başladığını bildirib. Artıq ikinci ildir ki, müstəqilliyimizin bərpasını ərazi bütövlüyümüzün təmin olunduğu, Qarabağımızın azad edildiyi bir şəraitdə yüksək ovqatla qeyd etdiyimizi diqqətə çatdıran natiq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədən bəhs edib. Bildirib ki, bu gün qalib Azərbaycan regionun aparıcı dövləti kimi günü-gündən qüdrətlənir, azad Qarabağımızda aparılan nəhəng quruculuq işləri müstəqil dövlətimizin daha parlaq gələcəyini şərtləndirir.