BDU-da “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” adlı tədbir
Tədbirdə çıxış edən BDU-nun Hüquq fakültəsinin professoru Zahid Cəfərov müstəqilliyimizin bərpasının 31-ci ildönümü münasibəti ilə iştirakçıları təbrik edib. Diqqətə çatdırıb ki, dövlətimizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Professor Şahlar Əsgərov isə öz çıxışında ötən əsrin 90-cı illərinin əvvələrində Azərbaycanın keçirdiyi ağır və böhranlı günləri xatırladıb. O, 91 nəfər ziyalı ilə birlikdə Ulu öndər Heydər Əliyevə müraciət etdiklərini və dahi liderin xilaskarlıq missiyasını öz üzərinə götürdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şahlar Əsgərov Ümummilli liderin dövlətçiliyimizin, milli dəyərlərimizin qorunması, uğurlu daxili və xarici siyasəti, sosial, elm, təhsil, mədəniyyət sahələrində həyata keçirdiyi islahatlar barədə tələbələri məlumatlandırıb. O, öz nitqində gəncləri ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməyə səsləyib.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev YAP gənclərinin beynəlxalq aləmdəki nüfuzu, ölkə daxilində vətənpərvərlik ruhunun aşılanması istiqamətində gördükləri işlər haqda məlumat verib. O, həmçinin ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan danışıb.
Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova çıxış edərək gənclərə ölkənin siyasi-mədəni həyatında fəal iştirak etməklə yanaşı, öz ixtisaslarına dərindən bələd olmağı, daim yeni bilik və bacarıqlara yiyələnməyi, elmli, savadlı və vətənpərvər ruhlu gənclər kimi formalaşmağı tövsiyə edib.