BDU-da "Müasir Azərbaycan mediası - peşəkarlıq standartları və yeni trendlər" mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müasir Azərbaycan mediası - peşəkarlıq standartları və yeni trendlər" mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Ulu Öndərin məzunu olması ilə fəxr etdiyi, diqqət və qayğısını əsirgəmədiyi Bakı Dövlət Universitetində onun 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər – konfranslar, mühazirələr, görüşlər keçirilir, kitablar nəşr olunur, müsabiqələr təşkil edilir. Bugünkü konfrans da BDU-nun Ulu Öndərin 100 illik yubileyi ilə bağlı tədbirlər planına müvafiq olaraq keçirilən növbəti tədbirlərdən biridir.
Rektor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, ölkə mediasının da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olması, təhlükəsizliyin təmini, sosial-iqtisadi problemlərin tədricən yoluna qoyulması söz, fikir azadlığının qorunması sahəsində irəliləyişə zəmin yaratdı. Eyni zamanda, media fəaliyyətinin əsaslandığı qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlər mətbuatın, bütövlükdə medianın inkişafına yol açdı.
Ümummilli Lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanan Konstitusiyada mətbuata ayrıca diqqət yetirildi. Bununla da Azərbaycanda mətbuatın inkişafına əngəl yaradan bir sıra bürokratik maneələr aradan qaldırıldı. Ulu Öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, habelə müvafiq struktur islahatları aparıldı. Bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borcları ləğv edildi. Bu gün Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, Azərbaycan Mətbuat Şurası kimi qurumların fəaliyyəti media siyasətinin məntiqi davamı və nəticəsidir.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “BDU-nun dünya şöhrətli məzunu” adlı videoçarx nümayiş olunub.
Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, Ulu Öndər istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi vaxtda xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılmasına, daha da möhkəmlənməsinə böyük önəm verdiyindən medianın işini, jurnalist əməyini daim yüksək qiymətləndirib: “Azərbaycan mətbuatı Ümummilli Liderin siyasi uzaqgörənliyindən irəli gələn dövlət maraqlarımızın qorunması, xalqımızın haqq səsinin dünyaya çatdırılması kimi əhəmiyyətli funksiyasını məsuliyyətlə yerinə yetirməkdədir. Ulu Öndərin müstəqil dövlət quruculuğu sahəsində müstəsna və əvəzedilməz fəaliyyətinin işıqlandırılması Azərbaycan mediasının əsas mövzusu olmaqla, dövlətçilik tariximizin canlı salnaməsini təşkil edir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızda söz, fikir və məlumat azadlığı ilə bağlı konkret müddəalar əksini tapıb. Onun siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin ləğv edilməsini göstərmək olar. Medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanda demokratik mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır”. Agentlik sədri həmçinin qeyd edib ki, hazırda Ulu Öndərin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə bildirib ki, Ulu Öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük xidmətlərindən biri KİV üzərində senzuranın tamamilə ləğv edilməsi olub. Ulu Öndər cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında önəmli rol oynayıb. O diqqətə çatdırıb ki, Mətbuat Şurası və BDU-nun Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə jurnalistlərin Ümummilli Lider Heydər Əliyev haqqında xatirələrindən ibarət kitab çap olunacaq.
BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, Ulu Öndərin tərcüməçisi Çərkəz Qurbanovun qızı, Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanova, “ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli çıxışlarında Ümummilli Liderin söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi sistemli tədbirlər nəticəsində Azərbaycan mediasının sürətli inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıblar.
Konfrans “Heydər Əliyev və Azərbaycan mediası”, “Müasir dövrdə informasiya müharibəsi və media texnologiyaları”, “Media savadlılığı cəmiyyətdə informasiya mübadiləsinin zəruri amili kimi” adlı bölmə iclasları ilə davam edib.