BDU-da Milli Müdafiə Universitetinin nümayəndələrinin tələbələrlə görüşü
Bakı Dövlət Universitetində (BDU) Müdafiə Nazirliyinin (MN) Milli Müdafiə Universitetinin nümayəndələrinin tələbələrlə görüşü keçirilib.
Tədbirdə çıxış edən BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, son 3 ildə Azərbaycan xalqı və dövləti tarixi günlər yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi ilə tarixi Zəfərə imza atıb, düşmən tapdağı altında olan torpaqlarımız azad olunub, 30 illik həsrətə son qoyulub. Bu möhtəşəm qələbə sonrakı zəfərlərə yol açıb. Bu il sentyabrın 19-da cəmi 24 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim olub, suverenliyimiz tam təmin olunub. Oktyabrın 15-də isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərə, Xocalı, Əsgəran və Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla tariximizin ən önəmli mərhələsinə nida qoyub. Əliş Ağamirzəyev qazandığımız qələbələr üçün başda Müzəffər Ali Baş Komandan olmaqla qəhrəman əsgər və zabitlərimizə borclu olduğumuzu və xalqımızın onlarla fəxr etdiyini qeyd edib.
Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru, general-mayor Arif Həsənov isə bildirib ki, görüşün əsas məqsədi tələbələri Azərbaycan Ordusunda həyata keçirilən yeniliklər, Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı ali məktəblərin fəaliyyəti ilə tanış etmək, gələcəkdə karyerasını zabit kimi davam etdirmək istəyən gənclərə dəstək olmaqdır. O, məzunlar üçün xidmət növləri, imtiyazlar, MN sisteminə daxil olan xüsusi təyinatlı ali məktəblərdəki ixtisaslar, müraciət qaydaları barədə ətraflı məlumat verib.
Vətən Müharibəsi Qəhrəmanı, Hadrutun alınmasına rəhbərlik edən hərbçilərimizdən biri, polkovnik Nizami Mövlanov tələbələri döyüş yolu ilə tanış edib. O, zabit olmaq istəyən gənclər üçün yaradılan şəraitdən danışıb, hərbçi olmağın şərəfli, qürurlu bir vəzifə olduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycan Ordusundakı qoşun növləri haqqında videoçarx nümayiş etdirilib.
Sonda qonaqlar tələbələrin suallarını cavablandırıblar.