BDU-da məişət zorakılığının qarşısının alınması ilə bağlı diskussiya
“BDU könüllüləri” təşkilatının Hüquq, Sosial elmlər və psixologiya fakültələri üzrə üzvlərinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” adlı diskussiya keçirilib.
“BDU könüllüləri”nin Sosial elmlər və psixologiya fakültəsi üzrə sədri Sevil Nəsirova, Hüquq fakültəsi üzrə sədr müavini Aysel Kərimova çıxışlarında qeyd ediblər ki, məişət zorakılığı vətəndaş cəmiyyətinin əsaslarına ciddi zərbə vurur. Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu məsələ ilə mübarizəni gündəmə gətirir. Məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Bunun qarşısının alınması hüquqi, sosial və qabaqlayıcı tədbirlər görülməsini zəruri edir. Ölkəmizdə bu missiyanı yerli icra hakimiyyəti orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Elm və Təhsil Nazirliyi həyata keçirir. Məişət zorakılığı ilə mübarizədə dövlət qurumları dünyanın ən tanınmış beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir, təcrübə mübadiləsi həyata keçirir.
Sonra tələbələrin mövzu ilə bağlı təklifləri dinlənilib.