BDU-da kitabxanalarda konsaltinq xidmətlərinin tətbiqinə dair elmi seminar
Məruzədə virtual mühitin günü-gündən genişləndiyi müasir şəraitdə kitabxanaların idarə edilməsində yeniliklərin tətbiqinin zəruriliyi qeyd olunub. Bildirilib ki, kitabxana-informasiya mühitində tətbiq edilən innovativ istiqamətlərdən biri də informasiya konsaltinqi sahəsidir. Nəzəri və təcrübi biliklərin tətbiqinə, analitik, məntiqi və diaqnostik təhlil metodlarına əsaslanan informasiya konsaltinqi xidmətlərinin kitabxanaçılıq və informasiya fəaliyyətinin inkişafına, bu sahədə əlavə gəlir mənbələrinin formalaşmasına səbəb olduğu diqqətə çatdırılıb. Araşdırmada kitabxana konsaltinqi kitabxana-informasiya müəssisələrini ekstremal vəziyyətdən çıxarmaq məqsədilə problemlərin həllinə yardım edən, onların fəaliyyətini düzgün strateji istiqamətə yonəldən, analitik və məntiqi təfəkkür tələb edən fəaliyyət növü kimi kimi xarakterizə edilib. Xüsusi vurğulanıb ki, işğaldan azad edilmiş Qarabağda kitabxana infrastrukturunun bərpası, modern kitabxana-informasiya sisteminin qurulması üçün peşəkarlara böyük ehtiyac var. Bu mənada informasiya konsaltinqi işğaldan azad edilmiş bölgələrimizdə sahənin inkişafına mühüm töhfələr verə bilər.
Məruzədə həmçinin informasiya konsaltinqi sahəsində beynəlxalq təcrübə haqqında məlumat verilib, bir sıra təklif və tövsiyələr nəzərə çatdırılıb.