BDU-da ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunub
Bakı Dövlət Universitetində (BDU) 2022/2023-cü tədris ilinin ilk dərsləri vətənpərvərlik mövzusuna həsr olunub.
Mühazirələrdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, Azərbaycan xalqının və rəşadətli Ordumuzun “Dəmir yumruq” kimi birləşərək 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin tarixi əhəmiyyəti vurğulanıb. Tələbələrə sentyabrın 12-13-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi təxribatlar barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Ordusu tərəfindən legitim hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirilir. Bu təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımız qəhrəmancasına həlak olub. Onların arasında BDU-nun məzunu Erkin Hüseynov da var.
Dərslərdə gənclərin vətənpərvərlik tərbiyəsinin önəmi vurğulanıb. Sonra mövzu ətrafında müzakirələr aparılıb.