BDU-da ilk dərs günündən 104 il keçir
Bu gün Bakı Dövlət Universitetində (BDU) ilk dərs günündən 104 il ötür.
1919-cu il sentyabrın 1-də gərgin müzakirələrdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ictimai fikir tariximizdə, elmin və təhsilin inkişafında əvəzedilməz xidmətlər göstərəcək ilk universitetin açılması haqqında qanun qəbul edib. Bakı Dövlət Universitetinin idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə 1919-cu il sentyabrın 29-da, parlamentin 79-cu iclasında qəbul olunub.
Universitet Şurası 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibini təsdiq edib. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Vasili İvanoviç Razumovski olub.
BDU-nun inkişafında yeni və mühüm mərhələ, heç şübhəsiz, 1969-cu ildə Ümummilli Liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başladı. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşdi. Ali təhsil ocağının 50 illik yubiley tədbirlərinə Ulu Öndər Heydər Əliyevin şəxsən rəhbərlik etməsi, dövlət başçısı kimi Universitetə daimi qayğısı BDU-nun nüfuzunu daha da artırdı. Universitetin 50 illik yubiley tədbirində Ulu Öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək məhz ana dilimizdə çıxış etməsi bu gün də xalqımız tərəfindən ehtiram və minnətdarlıqla yad edilir. Ulu Öndər həmin tarixi hadisəni dəfələrlə yada salmışdı: "Xatirimdədir, Universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir... Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlıqlarını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər". Bu tarixi hadisənin, həmin dövrdə müdrik rəhbərin ali təhsil ocağına xüsusi diqqət və qayğısının sayəsində Universitet yenidən milli oyanışın mərkəzinə, müstəqilliyimizə gedən yolun carçısına çevrildi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoydu. Ulu Öndər ənənələrə sadiqliyini bir daha nümayiş etdirərək Universitetin xeyirxahı və hamisi, eyni zamanda məzunu kimi qayğısını əsirgəmədi. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev davam etdirir. BDU möhtərəm Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli qayğısı ilə tərəqqi və inkişaf yolunda inamla addımlayır.
Doğma universitetimiz son 20 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Prezidentin müvafiq Sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyi təntənəli şəkildə ölkədə və xaricdə qeyd olunub, əməkdaşlarımız ali dövlət mükafatları ilə təltif edilib. Dövlətimizin başçısının Universitetin 100 illik yubiley mərasimindəki proqram xarakterli çıxışı bu gün hər birimiz üçün yol xəritəsidir.
104 yaşlı BDU üçün bu il xüsusilə əlamətdardır. Doğma universitetimizin 104 yaşı bu ali təhsil müəssisəsinin inkişafına və tərəqqisinə əvəzsiz töhfələr vermiş, BDU-nu “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandıran, hər zaman məzunu olması ilə fəxr etdiyini ifadə edərək ona yüksək dəyər verən Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə, ölkə başçısının 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə elan olunmuş “Heydər Əliyev İli”nə təsadüf edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətənimizin suverenliyini tam bərpa etməsi, erməni seperatizminin tam məhvi bu ilimizi daha da müqəddəsləşdirir. 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunması bütün xalqımız kimi çoxminli BDU kollektivində də xüsusi ovqat yaratmışdır. Hər zaman Ulu Öndərin irsinin təbliğini, bu irsin gənc nəslə aşılanmasını özünün ali məqsədlərindən hesab edən BDU kollektivi “Heydər Əliyev İli”ndə bu istiqamətdə səylərini daha da artırmışdır. Bu məqsədlə BDU-nun Elmi Şurasında Tədbirlər Planı qəbul olunmuşdur. BDU Elmi Şurasının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş genişləndirilmiş xüsusi iclası keçirilmiş, iclasda xalqımızı ağır sınaqlardan siyasi müdriklik və məharətlə, əzm və iradə ilə, dühasının və idrakının yenilməz gücü ilə çıxarmış, dövlət müstəqilliyinə, tərəqqiyə və dayanıqlı inkişafa qovuşdurmuş Ulu Öndər Heydər Əliyev böyük sevgi və ehtiramla yad olunmuşdur. Ulu Öndərin irsinin beynəlxalq aləmdə təbliği istiqamətində ciddi addımlar atan BDU bu il aprelin 26-da Yeni Azərbaycan Partiyası və Ankara Universiteti ilə birgə “Heydər Əliyev İli”ndə “Gülüstan” sarayında "Müstəqil Azərbaycanın Memarı" adlı beynəlxalq elmi konfrans keçirmişdir. Azərbaycan, Türkiyə və İsraildən olan tanınmış elm adamları, ictimai-siyasi xadimlərin iştirak etdiyi beynəlxalq konfransda Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və misilsiz fəaliyyətinin bütün mərhələlərinə həsr olunmuş 100-dən çox məruzə dinlənilmiş, yeni elmi fikirlər, maraqlı faktlar təqdim edilmişdir. Noyabrın 13-də isə Türkiyənin Ankara şəhərində BDU və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş "Bir millət, iki dövlət" adlı beynəlxalq elmi konfrans keçirilib.
Ulu Öndərin irsinin bölgələrdə təbliğinə də xüsusi həssaslıqla yanaşılmış, Tərtər və Masallı rayonlarının icra hakimiyyətləri ilə birgə konfranslar keçirilmişdir. Konfranslar çərçivəsində həmçinin Universitet alimləri rayon məktəblilərində Ümummilli Lider Heydər Əliyevin irsi ilə bağlı mühazirələr oxumuş, şagirdləri müdrik rəhbərin zəngin həyat və fəaliyyətini dərindən öyrənməyə, onun əsasını qoyduğu dəyərləri qorumağa və inkişaf etdirməyə səsləmişlər. Eyni zamanda məktəblərə Ulu Öndərin zəngin irsinə həsr olunmuş kitablar hədiyyə edilmişdir.
“Heydər Əliyev İli” münasibətilə BDU-nun Heydər Əliyev Muzeyi və Heydər Əliyev Lektoriyası əsaslı təmir olunaraq ən müasir standartlarla yenidən qurulmuş, elektron lövhələr, məlumat daşıyıcıları ilə təchiz edilmişdir. Əməkdaş və tələbələr arasında Ulu Öndərin zəngin irsi, Azərbaycançılıq ideyasının təbliği, mühazirələrin, müzakirə və dəyirmi masaların təşkili məqsədi ilə müasir informasiya-kommunikasiya avadanlıqları quraşdırılmış, muzey zənginləşdirilmişdir.
“Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində ölkənin nüfuzlu elm adamları, ictimai xadimlər tələbələrə mühazirələr oxumuşlar. “Ulu Öndər xatirələrdə” layihəsi çərçivəsində isə davamlı olaraq vaxtilə Ulu Öndərlə birlikdə çalışmış, onunla ünsiyyətdə olmuş insanlarla tələbələrin görüşləri təşkil olunur.
BDU əməkdaşları arasında “Ulu Öndər – müstəqil Azərbaycanın qurucusu” adlı məqalə müsabiqəsi, tələbələr arasında “Heydər Əliyev – BDU-nun dünya şöhrətli məzunu” mövzusunda esse müsabiqəsi, eləcə də əməkdaşlar və tələbələr arasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş yarışlar, müsabiqələr təşkil edilmişdir.
Tədbirlər Planına uyğun olaraq BDU-da “Heydər Əliyev İli”nə həsr olunmuş, ali məktəb tələbələri arasında Fizika, Riyaziyyat və Kimya fənləri üzrə Respublika Olimpiadaları, 8 idman növü üzrə spartakiada, mədəniyyət və incəsənət festivalları, silsilə mədəni-kütləvi tədbirlər, müsabiqələr və yarışlar keçirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-nun Elmi Şurasında qəbul edilmiş Tədbirlər Planında əksini tapan vəzifələrin icrası bu gün də davam edir.
BDU kollektivi həmişə olduğu kimi, bu gün də Ulu Öndərin siyasətini, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritetləri rəhbər tutaraq öz fəaliyyətini davam etdirir və ölkəmizin inkişafı naminə əzmlə çalışır. 104 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan Universitet hazırda isə 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi və 21 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yola davam edən Universitetin uğurları ötən tədris ilində də davam etmişdir. Bəhs olunan dövrdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Universitetin növbəti akkreditasiyası həyata keçirilmişdir. Ali təhsil müəssisəsinə güclü və zəif tərəflərini müəyyənləşdirməyə və strateji inkişaf proqramı əsasında inkişaf etməyə imkanlar yaradan, əsas məqsədi təhsilin müxtəlif pillələrində keyfiyyətin təminatı sisteminin qurulması hesab olunan akkreditasiya prosesi uğurla başa çatmış, Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 2023-cü il 8 iyun tarixli qərarı ilə BDU-nun 5 il müddətində akkreditasiya olunması ilə bağlı şəhadətnamə Universitetə təqdim edilmişdir.
Hazırda Universitetdə tədris tarixi ənənələrin və innovativ dünya təcrübəsinin vəhdəti şəklində həyata keçirilir, elmi-tədqiqat işlərinin məzmunu yenilənir, beynəlxalq akademik əlaqələr, eyni zamanda ölkədaxili əməkdaşlıq inkişaf etdirilir.
BDU-nun 2021-2030-cu illər üçün Strateji İnkişaf Planında qarşıya qoyulmuş vəzifələr, priroritet istiqamətlər əsasında Universitetdə təhsilin inkişafı, elmi tədqiqatların keyfiyyətinin artırılması, idarəetmə sisteminin dinamikliyinin təmin edilməsi məqsədilə müntəzəm olaraq struktur islahatları aparılır, gənc kadrlar məsul vəzifələrə irəli çəkilir. Təhsilalanlar və akademik heyət arasında qarşılıqlı əlaqələr dərinləşdirilir, təhsildə keyfiyyət təminatını, müvafiq proseslərin stimullaşdırılmasını ehtiva edən müasir yanaşmalar tətbiq olunur. Yeni nəsil elm-təhsil proqramlarının sayının artırılması (yeni ixtisas və ixtisaslaşmaların yaradılması), təhsil proqramlarının müntəzəm olaraq yenilənməsi, ixtisaslı kadr hazırlığının keyfiyyətinin artırılması, Universitetin təhsil fəaliyyətinin milli və beynəlxalq meyarlara uyğunluğunun təmin edilməsi, əmək bazarında Universitet məzunlarının rəqabətqabiliyyətliliyinin artırılması, təhsilalanlarda yeni iqtisadi və idarəetmə düşüncə tərzinin formalaşdırılması və s. məqsədilə Universitetin keyfiyyət təminatı siyasəti yenilənmiş, Keyfiyyət Təminatı Mərkəzi yaradılmışdır.
BDU Avropa və dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin yaradılması və inkişafını təmin edə bilən mütəxəssislər, elmi və elmi-pedaqoji, mühəndis-texniki kadrlar hazırlayan, sənaye müəssisələri ilə olan mövcud əlaqələri inkişaf etdirməklə elmi nəticələri kommersiyalaşdıran struktura və bazaya malikdir. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun H-indeksi artaraq hazırda 59-a yüksəlmişdir. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2018-ci ildə 35-ə, ötən il 52-yə bərabər olmuşdur. Hər bir əsərə istinadların orta sayı isə 7.3-ə qədər yüksəlib.
Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4172 elmi əsər nəşr etdirilib. Bu əsərlərə 30 mindən çox istinad edilib.
2023-ci ilin ilk on ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən nəşr edilmiş 192 elmi əsərə 5000-dən çox istinad edilib. Dərc olunmuş məqalələrdən 4-ü icmal tipli, 20-si ilkin və 86-sı açıq girişə malikdir. Onu da vurğulamaq lazımdır ki, H-indeksi, “Web of Science” bazasına daxil olan dərgilərdəki elmi əsərlərin və istinadların sayına görə BDU Azərbaycan universitetləri arasında liderdir.
Son illər BDU-da dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq çərçivəsində bir neçə ikili diplom proqramı həyata keçirilir. BDU “Times Higher Education” beynəlxalq reytinqinə Azərbaycan üzrə daxil olan yeganə, “QS World University Rankings” beynəlxalq reytinqində isə ölkəmizi təmsil edən üç universitetdən biridir.
Son illər Universitetin beynəlxalq əlaqələri də ən müxtəlif platformalarda genişlənməkdə və inkişaf etməkdədir. Ötən tədris ilində Universitetin beynəlxalq əlaqələri də son illərin uğurlu təcrübəsinə və inkişaf dinamikasına uyğun artmışdır. Bəhs olunan dövrdə BDU ilə Türkiyənin Bilkent, Hacettepe, Eskişehir Texniki, Çukurova, Karabük, Üsküdar universitetləri, İsrailin Yerusəlim İbrani Universiteti, Ruminiyanın Alexandru İoan Cuza İasi Universiteti, Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Dövlət İncəsənət və Mədəniyyət İnstitutu, Buxara Mühəndislik-Texnologiya İnstitutu, Qazaxıstanın Avrasiya Milli Universiteti və s. çoxsaylı nüfuzlu universitetlər arasında “Erasmus” mübadilə protokolları, əməkdaşlıq sazişləri, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramına dair müqavilələr imzalanmışdır. Həmçinin İsrailin Holon Texnologiya İnstitutu, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti ilə ikili diplom proqramının ilk məzunlarının buraxılışı keçirilmişdir. Bütün bunlar BDU-nun dünyanın qabaqcıl elm və təhsil məkanına inteqrasiyasını şərtləndirir və bu prosesi daha da sürətləndirir.
BDU nüfuzlu beynəlxalq təşkilatlarla da əməkdaşlığı özünün proritetlərindən hesab edir və bu istiqamətdə səylərini günbəgün gücləndirir. Nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı özünün proritetlərindən hesab edən BDU 2022-ci ildə Avropa Universitetlər Assosiasiyasının (EUA) və İslam Dünyasının Universitetləri Federasiyasının (FUIW), 2023-cü ildə isə Beynəlxalq Astronavtika Federasiyasının (IAF) üzvü seçilmişdir. Universitetdə ICESCO-nun Biotibbi materiallar kafedrasının fəaliyyətə başlaması bu baxımdan xüsusi qeyd edilməlidir. Onu da vurğulamaq lazımdır ki, kafedra ICESCO-nun Azərbaycanda ilk ixtisaslaşdırılmış kafedrasıdır. ICESCO ilə elm və təhsil sahəsində sıx əməkdaşlıq sayəsində artıq ikinci kafedra – Süni intellekt etikası kafedrası yaradılır.
BDU ölkəmizdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünya elminin qabaqcıl elmi və təlim-tədris nailiyyətlərindən istifadə etməklə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması istiqamətində ABŞ, Almaniya, İsrail, İsveçrə, Qazaxıstan və s. kimi ölkələrin qabaqcıl universitet və institutları ilə (Yerusəlim İbrani Universiteti, Holon Texnologiya İnstitutu, Lumière Lyon 2 Universiteti, Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, Linkoln Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti və s.) bakalavriat, magistratura, doktorantura pilləsi üzrə 11 beynəlxalq ikili diplom proqramını tətbiq edir. BDU beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirir. Ənənəvi olaraq QS, Scimago, WRWU, URAP kimi dünya universitetlərinin beynəlxalq reytinqində təmsil onunan Universitet ölkəmizdən yeganə ali məktəb olaraq nüfuzlu Times Higher Education beynəlxalq reytinqində təmsil olunur.
BDU-da beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verilir. Bu əməkdaşlıqlar bilavasitə tədris prosesinin, elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkili, eləcə də məzunların işlə təmin olunmasına xüsusi töhfə verir. Yalnız son ildə Elm və Təhsil Nazirliyinin Fizika, Molekulyar Biologiya və Biotexnologiyalar, Riyaziyyat və Mexanika, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya və Radiasiya Problemləri institutları, Müdafiə Sənayesi Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, “LU-MUN HOLDING”, “SARA INVEST HOLDING” və s. təşkilatlarla imzalanan memorandum və müqavilələr qarşılıqlı informasiya mübadiləsini, birgə tədqiqatların aparılmasını, analitik-informasiya materiallarının hazırlanmasını, konfransların, seminarların və təlimlərin təşkili üzrə tədbirlərin birgə həyata keçirilməsini və digər əməkdaşlıq istiqamətlərini əhatə edir.
2020-ci ilin sentyabr ayının 27-də mənfur düşmənin növbəti təxribatlarına cavab olaraq başlayan və tarixi Zəfərlə başa çatan Vətən müharibəsində BDU kollektivi, tələbələrimiz və məzunlarımız həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərib. Universitetin çoxsaylı tələbə və məzunu könüllü olaraq cəbhəyə yollanmış, onlardan 22 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalıb. Universitet rəhbərliyi və kollektivi mütəmadi olaraq şəhid məzun və tələbələrin ailə üzvləri ilə əlaqə saxlayır, Vətən müharibəsindən qalib əsgər kimi qayıtmış və təhsilini davam etdirən tələbələrə xüsusi həssaslıqla yanaşır.
Artıq üçüncü ildir ki, doğma universitetimizin yaradılmasının növbəti ildönümünü torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün təmin olunması şəraitində qeyd edirik. 2023-cü ilin aprel ayının 22-də tarixi qələbələrimizin davamı kimi Laçın sərhəd-keçid məntəqəsi quruldu. Və nəhayət, bu ilin sentyabrında heç 24 saat belə çəkməyən lokal antiterror əməliyyatı ilə düşmənin silahlı dəstələri və separatçı rejimin qalıntıları tamamilə darmadağın edildi.
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli bayrağımız əbədi ucaldıldı və suverenliyimiz bərpa olundu. Bu möhtəşəm və yekun Qələbə bütün xalqımız kimi BDU-nun çoxminli kollektivini və tələbələrini daha yüksək zirvələrə və nailiyyətlərə ruhlandırır.
Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, “Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır”. Onu qorumaq və inkişaf etdirmək hər birimizin borcudur!