BDU-da “Heydər Əliyev və multikulturalizm” adlı tədbir
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və multikulturalizm” adlı tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev müasir Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin quruculuq və xilaskarlıq missiyası haqqında ətraflı məlumat verib.
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun mövzu ilə bağlı mühazirəsi dinlənilib.
Rəvan Həsənov öncə Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. İcraçı direktor vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın multikulturalizm modelinin siyasi banisidir. O, Azərbaycan xalqının əsrlər ərzində təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Məhz bu bərabər qayğı və diqqətin nəticəsidir ki, ölkəmizdə yaşayan bütün xalqlar birlikdə vahid Azərbaycan cəmiyyətinin inkişafına, müstəqil dövlətimizin daha da qüdrətli olmasına öz töhfəsini verir. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsidir. Hazırda bu siyasət Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Təsadüfi deyil ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində də ölkəmizdə yaşayan müxtəlif xalqların yüzlərlə, minlərlə nümayəndəsi iştirak edib, ərazi bütövlüyümüzün bərpası naminə canlarından keçməyə hazır olduqlarını sübuta yetiriblər.
Tədbirin sonunda Rəvan Həsənov tələbələrin çoxsaylı suallarını cavablandırıb.