BDU-da “Heydər Əliyev və milli adət-ənənələrimiz” adlı tədbir
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Heydər Əliyev və milli adət-ənənələrimiz” adlı tədbir keçirilib. Fakültə dekanı Bəxtiyar Paşayev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışıb. Təsadüfi deyil ki, Ulu Öndər xalqımızın ən qədim bayramlarından olan Novruzu “dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı” adlandırırdı.
Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov “Heydər Əliyev və milli adət-ənənələrimiz” mövzusunda məruzə edib. O, Ulu Öndərin Novruz bayramına və digər milli adət-ənənələrimizə göstərdiyi diqqət, xalqımızın tarixi ilə bağlı olan adətlərin yaşadılmasında gənclərin rolu barədə fikirləri haqda ətraflı məlumat verib.
Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov Novruzu astronomiya elmi baxımından izah edib, bu günlərdə Günəş sistemində baş verən dəyişikliklər barədə danışıb.
Fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Lamiyə Həmidova, tələbələr Lalə Məmmədova və Tərlan Əlizadə Novruzla bağlı təqdimatlar ediblər. Tədbirin sonunda Novruz bayramı ilə bağlı videoçarx nümayiş olunub.