BDU-da “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” adlı tədbir
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” adlı tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültə dekanı Bəxtiyar Paşayev Ulu Öndərin hər bir azərbaycanlı üçün nümunə olan şərəfli həyat yolundan bəhs edib. Bildirib ki, müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndərin müdrik siyasəti nəticəsində əbədi və dönməz xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə isə ərazi bütövlüyümüz təmin olunub.
Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyasının öz bəhrəsini böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində verdiyini qeyd edib. Həmin müddətdə bütün dünya azərbaycanlıları xalqımızın haqq davasının müdafiəsində fəal iştirak etdilər, hər yerdə erməni yalanlarının ifşa edilməsində, təxribatlarının qarşısının alınmasında canla-başla mübarizə apardılar. Azərbaycanda yaşayan bütün etnik qrupların nümayəndələri torpaqlarımızın azadlığı uğrunda fədakarlıqla savaşdılar.
Azərbaycanın Türkiyədəki sabiq səfiri, Bərk cisimlər fizikası kafedrasının professoru Məmməd Əliyev çıxışında Ulu Öndər Heydər Əliyevlə 11 il ərzində birgə çalışmağından, onun tələbkarlığı və qayğıkeşliyindən danışıb, xatirələrini bölüşüb.
Sonra fakültənin tələbələri Gülcan Qasımova, Lalə Zeynalova və Şövkət Xasıyeva Ulu Öndərə həsr olunmuş təqdimat edib, şeirlər söyləyiblər. Tədbir Ulu Öndərin ifasında “Azərbaycan” şeirinin səslənməsi ilə başa çatıb.