BDU-da “Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
“BDU Könüllüləri” təşkilatı “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planına uyğun olaraq müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən yeni layihəyə başlayıb. “Heydər Əliyev mühazirələri” adlı layihənin ilk qonağı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, BDU-nun Konstitusiya hüququ kafedrasının professoru və müdiri Ziyafət Əsgərov olub.
“Heydər Əliyev Azərbaycan Konstitusiyasının və hüquqi dövlət quruculuğunun memarıdır” adlı məruzə edən Ziyafət Əsgərov tələbələrə Ulu Öndərin zəngin həyat və fəaliyyəti barədə məlumat verib, bugünkü güclü Azərbaycanın memarı kimi atdığı addımların mahiyyətindən söz açıb: “Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev ölkəmizdə hüquq islahatlarının, demokratik dəyişikliklərin gerçəkləşdirilməsi sahəsində misilsiz işlər görüb. Bu işlərin böyük bir qismi humanizm prinsipləri, insan hüquq və azadlıqlarının qorunması ilə sıx bağlıdır. 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, müstəqil Azərbaycanımızın ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş yeni Konstitusiyası və demokratik əsaslarla seçilmiş ilk parlamenti ölkəmizin siyasi tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının banisi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. Ümummilli liderin Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün hazırladığı strateji istiqamətlər hələ uzun illər dövlətçiliyimizin möhkəmləndirilməsi və gücləndirilməsi işinə xidmət edəcək”.
Daha sonra Ziyafət Əsgərov tələbələrin çoxsaylı suallarını cavablandırıb.