BDU-da görüş: “Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması”
“İRƏLİ” İctimai Birliyinin və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramı çərçivəsində tələbələrlə görüş keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov “BÜTÖV” proqramı çərçivəsində baş tutan görüşün önəmini qeyd edib, gəncləri Qərbi Azərbaycanla bağlı tarixi dərindən öyrənməyə səsləyib.
“İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, professor Ələddin Şamilov, BDU-nun dosenti Natiq Quliyev çıxışlarında Ermənistanın uzun illər həyata keçirdiyi etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti barədə məlumat veriblər. Natiqlər “Qərbi Azərbaycana qayıdış konsepsiyası”nın icrasında hər bir Azərbaycan gəncinin iştirakının vacibliyini vurğulayaraq, onları bu istiqamətdə səfərbər olmağa çağırıblar.
“İRƏLİ” İctimai Birliyinin baş katibi İlqar Axundov proqram çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı tələbələri məlumatlandırıb. Diqqətə çatdırılıb ki, layihənin növbəti mərhələlərində Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə düzgün və ətraflı şəkildə çatdırmaq məqsədilə təşəbbüs qruplarının yaradılması nəzərdə tutulur. Təşəbbüs qrupları tərəfindən Qərbi Azərbaycanın tarixi həqiqətlərini özündə ehtiva edən videoçarxların hazırlanması da planlaşdırılır.
Qeyd edək ki, “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramının əsas məqsədi gənclər arasında tarixi torpaqlarımız haqqında məlumatlılığın artırılması, Qərbi Azərbaycan tarixinə dair həqiqətlərin yerli və beynəlxalq auditoriyaya çatdırılması, bu sahədə elektron resursların yaradılmasıdır.